Tokayev Rusiya ilə yolları ayırır – Qazaxıstan inqilabi dəyişikliyin astanasında ŞƏRH


Kasım Jomart Tokayev yenidən Qazaxıstan prezidenti seçilib. Növbədənkənar prezident seçkisinin ilkin nəticələrinə görə, hazırkı dövlət başçısı seçkidə 81.31 faiz səs toplayıb.

O, seçkisonrası bəyanatında bildirib ki, Qazaxıstan siyasi quruluşun yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq. Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını söyləyib.

Politoloq Əziz Əlibəyli Globalinfo.az üçün Qazaxıstanda keçirilən prezident seçkisinin yekununu dəyərləndirib.

Bildirib ki, Qazaxıstanda ən azı 300 min azərbaycanlı yaşayır və onların böyük əksəriyyəti II Dünya müharibəsindən əvvəl Qazaxıstana sürgün olunan ziyalılarımızdan təşkil olunub. Həmçinin qeyd edib ki, Qazaxıstanlı yazıçı Oljas Süleymanov isə 20 Yanvar faciəsini dünyaya tanıdan ən böyük ziyalıdır.

Ə.Əlibəylinin sözlərinə görə, Qazaxıstanın neft sektorunda azərbaycanlılar həmişə xüsusi ad-san sahibi olublar və Manqışlaq yatağını hələ də azərbaycanlılar işlədir:

“Xəzərin bölgüsü məsələsində Azərbaycanın prinsipial mövqeyini dəstəkləyən Qazaxıstan olub. Transxəzər layihəsinin reallaşmasında ən əsas tərəfdaş kimi məhz Qazaxıstan çıxış edib. Bu ölkə ilə bizi təkcə etnik bağlılıq deyil, bir çox məsələlərdə strateji əlaqələrin olması birləşdirir. Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bu təşkilat çərçivəsində Qırğızıstanla Qazaxıstan hər zaman Azərbaycanın yanında yer alıb”.

Politoloq vurğulayıb ki, Qazaxıstanın yeni mərhələyə qədəm qoyması və Tokayev dönəmindən etibarən Türk Dövlətləri Təşkilatına xüsusi inteqrasiyası məsələsi gündəmə gəldi. Həm 44 günlük müharibənin, həm də Rusiya-Ukrayna savaşının nəticələri bölgədə yeni reallıq yaratmaları ilə ayırd edildi və dərhal TDT-nin funksional olaraq fəaliyyət göstərməsinə imkanlar yaratdı.

Ə.Əlibəyli qeyd edib ki, Tokayev dönəminin birinci hissəsinə post-Nazarbayev dönəmi kimi baxmaq lazımdır:

“Bu ilin yanvar ayının əvvəlində Qazaxıstanda baş verən proseslər ölkənin sonrakı siyasətini şəkilləndirdi. Müxtəlif bölgələrdə hökumətə qarşı üsyanlar baş verdi. Bu həm də Tokayev hakimiyyətinin Nazarbayev dönəmi ilə vidalaşması üçün səbəb oldu. Bundan sonra başlayan yeni dönəmdə Putin-Tokayev münasibətləri müharibədən sonra xüsusi əhəmiyyət daşıdı. Əslində, Rusiya Qazaxıstandan tələb etdi ki, KTMT üzvü olaraq müharibədə onu dəstəkləsin, amma biz görürük ki, o, müharibədə heç də Rusiyanın yanında yer almadı. Ondan sonra türk ölkələrinin inteqrasiyası yönündə proseslərə dəstək verilməsinə başlandı və dərhal da Qazaxıstanla Çin arasında əlaqələr yaradan böyük müqavilələr də imzalandı”.

Ekspert əlavə edib ki, şübhəsiz, Rusiyanın Qazaxıstana təsiri yaxın gələcəkdə Ukrayna müharibəsinə görə kifayət qədər azalıb:

“Hətta Şimali Qazaxıstanın ruslar yaşayan hissəsinin separatist meyllər nəticəsində ölkədən qopması baş verə bilər. Amma bu ona görə yaşanmadı ki, Tokayev doğrudan yaxşı siyasət yürüdüb və təhlükəni ölkə üzərindən kənarlaşdıra bilib. Bu təhlükə Ukrayna müharibəsinə görə bir xeyli keçmiş oldu. Qazaxıstan hazırda beynəlxalq aləmə açılmaq, beynəlxalq “Bir kəmər, bir yol” layihəsində iştirak, o cümlədən avro standartlarına inteqrasiya və türk ölkələrinin birgə həmrəyliyi kontekstində siyasəti müdafiə edir. Qazaxıstan-Özbəkistan tandemi də mühüm rol oynayır (Orta Asiyada maddi resurslar prizmasından Qazaxıstan, insan potensialı baxımdan Özbəkistan ən böyük güclərdir). Şübhəsiz, enerji təhlükəsizliyi Orta Asiyanın nəhəngi olan Qazaxıstan üçün hazırda dünyada enerji problemi kontekstində daha çox avantaj yaradır. Bu baxımdan, beynəlxalq sərmayənin əvvəlkindən qat-qat daha artıq olması Qazaxıstana daha çox ehtiyacın olduğunu göstərir”.

Ə.Əlibəyli sonda əlavə edib ki, Tokayev Azərbaycan yönlü siyasətçidir:

“Avqust ayında da Azərbaycanla Qazaxıstan 2022-2026-cı illər əməkdaşlıqları genişləndirən birgə müqavilələr imzalayıb. Hesab edirəm ki, bizim Cənub Qaz Dəhlizi, enerji layihələri, o cümlədən neft-qaz sənayesinin Avropaya yönəlməsi istiqamətində iki ölkənin birgə fəaliyyəti xüsusilə də indiki məqamda daha da genişlənəcək. Çox yaxşı ki, bu mövzuda bir çox beynəlxalq gücün həm Azərbaycana, həm də Qazaxıstana ciddi ehtiyacı var. Ona görə də hər iki ölkə üçün daxili sabitliyi təmin etmək bir çox beynəlxalq gücün də nəzərində və məqsədindədir. 2023-cü ilin riskləri arasında qlobal enerji böhranı, içində Avropa olmaqla aktual olacaq. İkinci məsələ isə ərzaq böhranıdır. Hər iki məsələdə Qazaxıstanın əli güclüdür və daha da güclənəcək. Çünki həm taxıl istehsalçısıdır, həm də enerji sahəsində gələcəyin ən güclü diktə edən dövlətlərindən birinə çevrilməkdədir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu isə Tokayevin növbəti 7 il üçün fəaliyyəti ilə bağlı proqnoz verib:

“Onu prezident seçilməsi münasibətilə ilk təbrik edən keçmiş dövlət başçısı Nursultan Nazarbayev olub. Nazarbayev Tokayevin qələbəsini tarixi adlandıraraq, xalqın ona inandığını bildirib. Nursultan Nazarbayev Tokayevin rəhbərliyi ilə aparılan islahatları təqdir edərək onun Qazaxıstan üçün ən kritik anlarda doğru qərar verdiyini vurğulayıb. Halbuki, Tokayev qayda-qanun yaradarkən Nazarbayev irsindən qurtulmağa çalışır”.

E.Şahinoğlu qeyd edib ki, Tokayev yeni Konstitusiyaya görə yalnız bir dəfə 7 il prezident olacaq:

““Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarı ilə çıxış edən Tokayev dövlət institutlarının yenidən qurulmasına ehtiyac olduğu siyasətindən çıxış edir. Tokayev böyük ehtimalla prezidentliyinin yeni mərhələsində ölkədə iqtisadi islahatları dərinləşdirməyə çalışacaq. Tokayev korrupsiya ilə mübarizəni də davam etdirəcək. Bu mübarizə nəticəsində Nursultan Nazarbayevin yaxınları dövlət institutlarından uzaqlaşdırılıb. Tokayev oliqarxların pullarını xarici banklarda deyil, ölkə iqtisadiyyatının inkişafına yönəltməyin vacibliyi qənaətindədir”.

Siyasi şərhçi qeyd edib ki, Tokayev Qazaxıstanın geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasətə üstünlük verir:

““Geosiyasi mövqeyi, iqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu və qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz sadəcə olaraq çoxvektorlu xarici siyasət aparmağa borcluyuq” – deyən Tokayev milli maraqların qorunmasına, bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş xarici siyasət kursunun davam etdiriləcəyini bildirib.

Bu doğru strategiyadır. Qazaxıstan xarici siyasətdə hər hansı bir istiqamətə xüsusi üstünlük versə, başqa istiqamətlərdə təhlükə ilə üzləşə bilər. Misal üçün, Astana Qərblə əlaqələri Rusiya və Çinlə əlaqələrdən üstün tutsa, Moskva və Pekinin müxtəlif təzyiqləri ilə üzləşəcək. Buna baxmayaraq, Qazaxıstanın Rusiya və Çin istiqamətlərində də ehtiyatlı olması vacibdir. Çünki Qazaxıstanın Rusiya və Çindən asılılığı bu ölkənin müstəqilliyinə ciddi təhlükə yaradacaq”.

Ekspert əlavə edib ki, Çinin Qazaxıstanda böyük yatırımları mövcuddur:

“Bu, Nursultan Nazarbayevin xarici siyasətindəki yanlışlardan biridir. Qazaxıstanın Çinə olan borcu bir sıra hallarda Pekinin Astanaya təzyiq etməsinə şərait yaradır. Tokayev bu yanlışı düzəltməyə çalışır.

Tokayevin türk dünyası ilə inteqrasiyanı genişləndirməsi Qazaxıstanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Türk dövlətlərinin inteqrasiyası qonşu ölkələrə qarşı yönəlməyib, əsas hədəf əməkdaşlığın genişləndirilməsi və ortaq layihələrin reallaşmasıdır. Tokayevin prezidentliyi dönəmində Astananın Ankara və Bakı ilə əlaqələri intensivləşib, qarşılıqlı səfərlər və ortaq layihələr Qazaxıstanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına şərait yaradıb. Tokayev prezidentliyi dönəmində bu siyasəti davam etdirəcək”.

Gülnar Səlimova,

Globalinfo.az