Xankəndidə “nazir qırğını”: tanış sima “vəzifə”yə gətirilir

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsindəki separatçıların rəhbəri Arayik Arutyunyan 9 “nazir”i istefaya göndərib.

Globalinfo.az xəbər verir ki, istefaya göndərilənlər arasında Ayk Xanumyan, David Babayan, Vaqram Baqdasaryan kimi nüfuzlu şəxslər də yer alıb.

Məlumata görə, Arutyunyanın qərarından sonra Ruben Vardanyan bu “nazirlər”dən bir qismi ilə təcili görüş keçirəcək. Maraqlı məqam isə Vardanyanın bu şəxslərdən yalnız özünə yaxın olanları görüşə dəvət etməsidir. İrəvanla yaxın əlaqələri olan “nazirlər” isə Vardanyanın görüşünə dəvət edilməyiblər.

Digər tərəfdən Ermənistan mətbuatı da artıq məsələ ilə bağlı məlumat yayıb. Belə ki, artıq məhv olmuş qondarma rejimin “xarici işlər naziri” vəzifəsinə Ermənistanın eks-xarici işlər naziri Vardan Oskanyanın təyin ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Paşinyanın Xankəndidəki ən etibarlı kadrı sayılan Ayk Xanumyan bir qədər əvvəl istefaya getdiyini açıqlamışdı.

İlkin
Globalinfo.az