Xankəndi şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə təntənəli yürüş başa çatıb.
Globalinfo.az xəbər verir ki, yürüş Zəfər meydanından başlayaraq şəhərin giriş qapısına qədər davam edib.
Tədbir yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, dövlət qurumlarının rəsmiləri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, həmçinin dövlət və özəl qurumların əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
***10:23
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.
Globalinfo.az xəbər verir ki, yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edir.
Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla izləyib.
Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.




