Xankəndi əməliyyatının gizlinləri bilindi: Plan belə qurulubmuş – ŞOK DETAL

Ermənilər vahimə içindədirlər. Baş verənləri qorxu ilə izləyirlər. Haylar indən belə əllərində qalanın hayındadırlar. Daha nə Qarabağ demələrinin bir anlamı qaldı, nə “artsax” söyləmələrinin. Xankəndiyə Bayraq sancıldı – hər şey bitdi!

Yaşadıqları dövlətin Azərbaycanın tarixi ərazisi hesabına süni şəkildə yaradıldığını yaxşı bilirlər. Görürlər ki, İlham Əliyev işğaldakı torpaqları azad edir, düşünürlər ki, bir gün sıra başqa tarixi torpaqların azad edilməsinə çata bilər. Ona görə mövcudluqlarını qorumaq proqramına keçiblər.

Dünən Globalinfo.az erməni iranşünas, radikal milliyyətçi Vardan Voskanyanın açıqlamasını dərc edib. O deyib ki, Ermənistanın varlığı uğrunda ölüm-qalım savaşı başlayır. Voskanyanın sözlərinə görə, Xankəndidə Azərbaycan bayrağı asılsa da, problemləri hələ bitməyib. Çünki Ermənistan üçün əsas məsələnin Qarabağ olmadığını qeyd etmək lazımdır:

“Ermənistanın mövcudluğu uğrunda ölüm-qalım savaşı hələ qarşıdadır. Bunun üçün ilk növbədə problemi dərk etməliyik. Bizim üçün çıxış yolu qala dövlət qurmaqdır”.

İndən belə nə quracaqlar?! Nə qurmuşdular, hamısı başlarına uçdu, xaraba qaldı. İndi uçqunun altından çıxmağa çalışırlar. Çıxış yolları Azərbaycanın şərtlərini qəbul etmələridir. Revanşizmə həvəslənsələr, dəmir yumruq başlarının üstünü alacaq. Bunu dünən Prezident İlham Əliyev Xankəndidə olanda bəyan etdi.

Şərtlər dəyişib. Yeni siyasi, geopolitik vəziyyət yaranıb. Təkcə ermənilər üçün yox, elə Azərbaycan cəmiyyəti üçün də. Təzə mərhələ başlayır.

Cənubi Qafqaz hazırda özünün ən sakit və sabit dövrünü yaşayır. Bunun belə qalması üçün Azərbaycan daha çox çalışmalıdır. Kənar güclər bu sakitlikdən, bu hüzurdan narahat olurlar: “Necə yəni Qafqazda sabitlikdir? Bəs biz ölmüşük ki, bu regionda qan su yerinə axmasın, qırğın, ölüm olmasın, müharibə davam etməsin?!”

Qlobal güclər belə düşünürlər. İlkin əlamətləri də görünür. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, BMT Azərbaycan əleyhinə, əslində sülh, ədalət əleyhinə fəaliyyətə başlayıblar. Ölkəmizi sanksiyalarla hədələyirlər. Olsun. Hədələsinlər. Bu, nəyi dəyişəcək? Qapı çoxdan bağlanıb…

Bu sıraya Amerika Birləşmiş Ştatları da qoşulmaq istədi, amma sonra bir az geri çəkildi. Antoni Blinkenin məlum bəyanatı rəsmi şəkildə təkzib edildi.

Zəngəzur dəhlizinin açılması da yaxın zamanlarda gerçəkləşəcək. Prezident oktybarın 15-də Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Sərsəngdə dövlət bayrağını ucaltdı. Bunların ardından təbii ki, Turan yolunun açılışı reallaşacaq.

Bölgəyə sülh, əmin-amanlıq gəlir. Bundan təkcə Cənubi Qafqaz ölkələri deyil, xeyli sayda ölkə yararlanacaqlar. Sadəcə, status-kvonu saxlamaq üçün Azərbaycanın üzərinə indi daha böyük məsuliyyət düşür. Çünki regionun lider dövləti odur. Bu zillətdən bölgəni İlham Əliyev qurtarıb. Missiya sona qədər davam etməlidir.

Yuxarıda yeni siyasi, geopolitik vəziyyətin yarandığını qeyd etdik. Azərbaycandaxili situasiya da kökündən yeniləndi. İlk növbədə siyasi müxalifət özünə çəki-düzən verməlidir. Əvvəlki tezisləri atsınlar bir kənara. İlham Əliyevlə bundan belə ən azı bir neçə il açıq rəqabət aparmaq mümkün olmayacaq. Nə deyəcəklər? Bütün arqumentləri, tezisləri sıfırlandı. Qarabağ məsələsi üzərindən siyasətə gəlmiş bu adamlar hakimiyyətə nəyi irad tutub, onu üstələməyə çalışacaqlar? Bunların sığındığı 1918-20-ci il amili, Rəsulzadə faktoru belə işlərinə yaramayacaq. Tapındıqları siyasi-ideoloji irs üzərindən manipulyasiya etmək dövrü keçdi.

Göstərilən bütün hədəfləri İlham Əliyev artıqlaması ilə həyata keçirdi. Özü də qısa müddətdə və az itki ilə.

Azərbaycanın 100 illik milli ideoloji nəzəriyyəsinin qarşıya qoyduğu hədəflər gerçəkləşib. Prezident İlham Əliyev Qarabağı işğaldan, Azərbaycanı bölünməkdən xilas edib. Açıq danışmaq lazımdır, İlham Əliyev Azərbaycanın yeni ideoloji konsepsiyasını yaratdı. O, artıq milli liderdir – bütün azərbaycanlıların və Bütöv Azərbaycanın milli lideri. 20 illik prezidentlik dövrünü ölkəsini hakim mövqeyə, millətini qalib duruma çıxarmaqla yekunlaşdırmaqdadır. Azərbaycanın quzeyi bütövləşdi. Qarşıda yeni hədəflər, vacib missiyalar var…

Azərbaycan dəyişir. Bu dəyişiklik təkcə ərazi anlamında deyil. Yalnız məğlubiyyətin qələbə ilə əvəzlənməsi deyil. Hazırkı şərtlərə uyğun olaraq çox şey dəyişəcək. Hakim komandanın vitrinindən tutmuş, ölkənin konstitusiyasına, qanunlarına kimi. Parlamentdən mediaya, məhkəmə sistemindən Nazirlər Kabinetinə qədər çox dəyişikliklərə şahidlik edəcəyik. Təkcə müxalifət İlham Əliyevin yeni yaratdığı reallıqlara ayaq uydursun demirik. İqtidar komandası da Prezidentin idarəçilikdəki sürətinə, qrafikinə, zəka göstəricisinə uyğun şəkildə fəaliyyət qurmalıdır. Prosesi geri çəkən, qələbəni zədələyən, köhnə düşüncədən qopa bilməyən hər kəs layiq olduğu cəzanı alacaq, yəqin ki.

Prezident Xankəndidən xalqa müraciətində bir maraqlı məqama toxunub. Diqqətimi çəkdi. Deyib, 20 il öncə xalqa və özünə söz vermişdi ki, bayrağımızı Xankəndidə ucaldacaq. Sən demə, Xankəndi əməliyyatının planı çoxdan qurulubmuş… Addım-addım buna doğru gəlirmiş.

İlham Əliyev o bayrağı növbəti dəfə hansı tarixi şəhərimizdə ucaltmağı planlaşdırır? Əminəm ki, bunun üçün 20 il gözləmək lazım gəlməyəcək. Bəs nə vaxt? Suala cavabı Prezidentin məşhur deyimi ilə verək: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Azər Ayxan
Globalinfo.az