Vuçiçin İlham Əliyevə bəhs etdiyi litium nədir? – Məlumat

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı deyib ki, “Serbiya kiçik ölkədir. Bizim qazımız yoxdur. Bizim litiumumuz var. Lakin biz yeganə ölkəyik ki, dünya miqyasında litium istehsalını əldən vermişik”.

Bəs, görəsən, Serbiya prezidentinin xüsusilə qeyd etdiyi litium nədir? Ondan hansı sahələrdə istifadə etmək olar?

Globalinfo.az Mendeleyev elementlərinin dövri sistemində üçüncü element olan litium haqda maraqlı məlumatları təqdim edir.

ARFEDSONUN KƏŞFİ

Litium yunan mənşəli “litos” sözündən meydana gəlib “daş” deməkdir. Bu elementin belə adlanması isə görünüşü ilə əlaqədardır. Litium 1817-ci ildə isveç kimyaçısı İ.Arfedson tərəfindən, pentalit mineralının analizi zamanı kəşf olunub. Bu mineral adi daş kimi görünür.

TƏBİƏTDƏ TAPILMASI

Litium yer qabığında müşahidə edilən elementlərdəndir. Daha çox maqmanın differensasiyası ilə əmələ gələn ən son məhsullarda –
peqmatitlərdə toplanır. Təkcə peqmatitlərdə və biosferdə litiumun 28 sərbəst mineralı (fosfatlar,silikatlar və s.) məlumdur. Onların hər biri nadir tapıntı sayılır.

Ümumilikdə isə litium gümüşü-ağ rəngli metal olub, səthi tez bir zamanda Li3N nitrid və Li2O oksidindən ibarət tünd boz rəngli ərplə örtülür. Litium həm də ən yüngül metal sayılır. Litium yumşaqdır, bıçaqla rahat kəsilir.

ORQANİZMDƏ LİTİUM

Canlı orqanizmlərin tərkibində litium olmasına baxmayaraq, onun bioloji rolu tam ətraflı öyrənilməyib. Bitkilərdə litiumun miqdarı təxminən 0,0001%-dir. Litium bitkilərdə su-duz mübadiləsinə təsir edir. On səkkiz dərman bitkisi litium toplayıcısıdır ki, onların 6-sı daha çox toplayıcıdır: qara bəng otu, yaşıl yarpaqlı kassiya, hind tatlası, bataqlıq gözdəvəri və ağacabənzər aloye (əzvay). Torpaqda litium çox olduqda sitrus bitkilərinin yarpaqları ləkəli olur. Litium bitkilərdə xəstəliklərə qarşı davamlılığı, xloroplastların fotokimyəvi aktivliyini artırır.

Heyvan orqanizmində litium miqdar kütlə ilə 0,001% təşkil edir. Litium heyvanlarda daha çox qaraciyər və ağciyərdə toplanır.

İnsanın çəkisi 70 kq olduqda isə onun bədənində 0,67 mq litium olur. Litium ali sinir fəaliyyətində iştirak edir, həmçinin immunitetə və su-duz mübadiləsinə təsir edir. İnsan orqanizmində litium skeletdə və qalxanabənzər vəzdə toplanır.

Litium psixoterapiya praktikasında da istifadə olunur. Bu elementin bəzi birləşmələri maniakal depressiyada olan xəstələrə müsbət təsir edir.

Turan Rzayev
Globalinfo.az