ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səfəri təyyarədən həyat yoldaşı ilə endiyi andan etibarən hər detalı ilə çox maraqlıdır. Lakin birgə mətbuat konfransında diqqət çəkdiyi iki məqam dünyaya bir xatırlatma oldu:
– “İlham Əliyev, ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideridir”
– “Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edənlərdən biri idi”.
İlk fikirdə Bakının illərdir üstünə basaraq, bütün çətinliklərə dirənərək, kənar qüvvələrin oyunlarına getmədən, sadəcə ölkənin maraqlarını əsas tutaraq yürütdüyü balans siyasətinə möhtəşəm bir vurğu edilir. Bəli, biri qardaşımız, biri də illərdir bizi tək qoymayan strateji tərəfdaşımızdır. Hər şeyə rəğmən milli maraqlarımıza uyğun olaraq iki ölkə arasındakı enişli-çıxışlı vəziyyəti özümüz üçün koordinasiya edə bilirik.
İkinci fikirdə isə Azərbaycanın sülhməramlı missiyasına, bu istiqamətdə verdiyi əvəzsiz töhfəyə diqqət çəkilir. Məhz Əfqanıstan məsələsi idi ki, buna görə 907-ci düzəliş bir müddət dayandırılmışdı, beləliklə biz beynəlxalq terrorizmlə mübarizə çərçivəsində ora sülhməramlı göndərdik. Lakin düzəliş yenidən bərpa edildi. Əfqanıstan məsələsi Azərbaycanla bağlı məsələlərdə çox zaman xüsusi vurğulanır və təqdir edilir.
Azərbaycan illər ərzində tutduğu xarici siyasi xətti nəyin bahasına olursa olsun dəyişmədi və layiq olduğunu gec də olsa almağa başladı.
Ayşən Mustafa
Globalinfo.az