Universitetlərimizdə qızılcaya yoluxma varmı? – Sorğu

Son günlər ölkə gündəmini şagirdlər və tələbələr arasında qızılcaya yoluxma halları çalxalayır. Səhiyyə Nazirliyinin son məlumatına əsasən, ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Nazirliyin məlumatında, həmçinin qeyd edilib ki, qızılcaya yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. 

Amma son yayılan xəbərlərdə, tələbələr arasında da qızılcaya yoluxma hallarının olduğu məlum olub.

Globalinfo.az bildirir ki, Lent.az hadisə ilə bağlı Azərbaycan universitetlərinin bir neçəsinə sorğu ünvanlayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, indiyə qədər universitetdə 2 tələbə qızılcaya yoluxub:

“Tələbələrimizdən 2-si qızılcaya yoluxub. Onlar karantin rejimindədirlər. Dərslərdən geri qalmamaları üçün online formatda dərslər keçirilir. Müəllimlər və işçi heyəti arasında qızılcaya yoluxma qeydə alınmayıb”.

Azərbaycan Texniki Universiteti indiyə qədər qızılca faktının olmadığını qeyd edib:

“Bu günə qədər qızılca ilə bağlı müraciət daxil olmayıb”.

Azərbaycan Pedaqoji Universitetindən bu günə qədər rəsmi olaraq qeydə alınmış faktın olmadığını deyilib:

“Ola bilər ki, kimsə yoluxub lakin evdə müalicə alır və universitetə məlumat verilməyib”.

Qeyd edək ki, universitetin Cəlilabad filialı isə 3 nəfərin qızılcaya yoluxduğunu vurğulayıb:

“Onlardan 2 tələbə oktyabrda qızılcaya yoluxub, noyabrın əvvəlindən dərslərinə davam edib”.

Lənkəran Dövlət Universitetininin mətbuat xidmətindən 2 tələbə qızılcaya yoluxduğu qeyd olunub:.

“İki tələbə qızılcaya yoluxub. Müəllimlər arasında qızılcaya yoluxma qeydə alınmayıb”.

Azərbaycan İqtisadiyyat Universitetindən verilən məlumata görə, bu günə qədər yoluxma qeydə alınmayıb:

“Hazırki dövrə qədər universitetdə qızılcaya yoluxma qeydə alınımayıb”.

Bakı Slavyan Universitetindən bildirilib ki, tələbələrin qızılcaya yoluxması barədə müraciət daxil olmayıb:

“Təbələrimiz arasında qızılca faktı qeydə alınmayıb. Heç bir narahatlıq yoxdur”.