Ukrayna daxilində mübarizə gərginləşir – Əməliyyat planında XƏTA

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin yaydakı əks-hücumlarda bəzi taktiki səhvlər etdiyini deyib. O, qalib gəlmək üçün konkret strategiyaya ehtiyac olduğunu bildirib. Podolyakın bu açıqlamasının ordunun baş komandanı Valeri Zalujnıya qarşı yönəldiyi iddia edilir.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Globalinfo.az-a açıqlama verib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının istefası ilə bağlı xəbərlər yayılır, Ukrayna isə bu xəbərləri təsdiqləməyib:

“Podolyakın bu açıqlaması ictimai rəydə hərbi elitaya qarşı narazılıq yaratmağa hesablanıb.

Çünki V.Zalujnı birdən-birə işdən çıxarıla bilməz. Bu, ölkə daxilində böyük  narazılığa səbəb olar.

Ehtimal etmək olar ki, Podolyakın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla həmfikir olduğunu qabartması, əslində, Zalujnıdan sonra vəzifəyə onun təyin olunmasına işarədir.

Proseslər göstərir ki, Ukrayna hərbi-siyasi hakimiyyətində fikir ayrılıqları, ziddiyyət var. Tərəflər uğursuzluqla bağlı bir-birilərini günahlandırmağa başlayıblar”.

Siyasi şərhçinin fikrincə, əks-hücum əməliyyatı uğursuz oldu:

“Ukrayna Prezidenti Vladimir Zelenski də əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edir. Kiyevin hücuma keçmək üçün ciddi dəstəyə ehtiyacı var”.

Safura Bənnayeva
Globalinfo.az