WhatsApp Image 2026 11 02 at 12.24.31 1

Türkiyənin DEM Partiyasından olan Şanlıurfa millət vəkili və İmralı heyətinin üzvü Mithat Sancar PKK lideri Abdullah Öcalanın İmralı adasında onun üçün hazırlanmış yeni iqamətgahına köçdüyünü açıqlayıb.

O, Türkiyədə “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində əldə olunan nəticələri dəyərləndirib. Sancar Öcalanın yeni iqamətgaha köçməyə razılıq verməsinin proses baxımından əhəmiyyətli olduğunu bildirib.

“Öcalanın ora köçməyi qəbul etməsi prosesin sürətləndirilməsini tələb edir”, – deyə o vurğulayıb.

İlk növbədə qeyd edim ki, PKK lideri üçün İmralı adasında yeni yaşayış binasının tikilməsi barədə məlumatlar avqust ayında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının açıqlamasından sonra gündəmə gəlmişdi. Baxçalı həmin vaxt Öcalanın “status” istədiyi üçün hələlik yeni evə köçməyə razılıq vermədiyini bildirmişdi. Mithat Sancar isə həmin dövrdə Öcalanın köçməsi ilə bağlı yayılan məlumatları təkzib etmişdi.

Əslində, vəziyyət kifayət qədər sadədir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarı Abdullah Öcalanın azadlığa buraxılmasında maraqlıdır. Sadəcə, bunun cəmiyyətdə ciddi narazılıq yaradacağından və siyasi rəqiblərinin seçkilərdə bu məsələni hakimiyyətin əleyhinə istifadə edəcəyindən ehtiyatlanır. Məhz buna görə də proses yavaş-yavaş həyata keçirilir. Əsas məqsəd cəmiyyəti bu qərara mərhələli şəkildə hazırlamaq və baş verənləri tədricən qəbul etdirməkdir.

Sosial şəbəkələrdə yayılan fotolardan da görünür ki, Abdullah Öcalanın şəraitinin yaxşılaşdırılması adı altında, sözün əsl mənasında, onun üçün villa inşa edilib. Formal olaraq həbsdə saxlanılsa da, yaradılan şərait daxilində o, bir çox Türkiyə vətəndaşından daha komfortlu yaşayacaq.

AKP iqtidarının yol verə biləcəyi ən böyük siyasi səhvlərdən biri məhz Abdullah Öcalanın azadlığa buraxılması olacaq. Bunu nə qədər “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində həyata keçirdiklərini bəyan etsələr də, Öcalanın azadlığa buraxılması həm AKP hakimiyyətinin nüfuzuna ciddi zərbə vura, həm də Türkiyənin gələcək perspektivdə qarşısında yeni və ciddi problemlər yarada bilər.

“Kırk Yıllık Kani Olur Mu Yani?”

Terrorçu başı Abdullah Öcalandan sülh və barış gözləmək qədər absurd bir yanaşma yoxdur. Söhbət təkcə seçkilərdə bir qədər çox səs qazanmaq naminə onilliklər ərzində aparılmış mübarizənin və əldə olunmuş nəticələrin heçə sayılması riskindən getmir. Əslində, bu addım Türkiyənin uzun illər apardığı antiterror siyasətinin mahiyyətinə və nəticələrinə də ciddi suallar yarada bilər.

Abdullah Öcalanın əlində təkcə türklərin deyil, kürdlərin də qanı var. O, faktiki olaraq, bu gün daha qabarıq şəkildə özünü göstərən türk-kürd qütbləşməsinin dərinləşməsində və münasibətlərin indiki həddə çatmasında mühüm rol oynamış şəxslərdən biridir. Öcalanın azadlığa buraxılması və ya saxlanma şəraitinin bu şəkildə yaxşılaşdırılması onun tərəfdarları arasında qəhrəmanlaşdırılmasına, bir simvola çevrilməsinə gətirib çıxara bilər.

Təcrübə göstərir ki, terrorçuların və separatçıların yeri həbsxanadır!

turan rzayev 1 900x720 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: