qht 91

Bir qrup QHT nümayəndəsi bu gün İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu təqdim ediblər.

Bu barədə Globalinfo.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar.

Xatırladaq ki, İran Prezidentinə açıq məktubda deyilirdi:

“Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.

Bütün bunlar sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir. Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız. Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb”.

Məktubda Azərbaycan QHT-ləri Məsud Pezeşkiana xitabla onu da vurğulayıb ki, milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir:

“İnanırıq ki, məhz sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir. Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk”.

qht 92

Paylaş: