“Türkiyədəki seçkilərə kimi Qarabağda ciddi hadisələr baş verə bilər”

“Türkiyədəki parlament və prezident seçkiləri ərəfəsində “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Azərbaycana səfəri, həmçinin Türkiyə istehsallı “Toqq” avtomobilinin Prezident İlham Əliyevə təhvil verilməsi, həm də siyasi mesajdır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, seçkilərə təxminən bir ay vaxt qalıb:

“Belə bir şəraitdə Türkiyədəki mövcud iqtidarın beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var. Sözügedən məsələlər, əlbəttə Bakının Ankaraya dəstəyi kimi qiymətləndirilməlidir. Beynəlxalq ictimaiyyət görməlidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək verilir və hələ də ona ehtiyac var. Qarşıdakı günlərdə liderlər arasında telefon danışıqlarının, həmçinin səfərlərin baş tutması mümkündür.

Ümumiyyətlə, Azərbaycan həm hakimiyyət, həm də xalq səviyyəsində Ərdoğanı dəstəkləyir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında münasibətlər heç vaxt indiki səviyyədə olmayıb.
Onu da deməliyik ki, biz Ərdoğana bütün səviyyələrdə dəstək verməyə davam edəcəyik. Amma bu, həlledici deyil. Ümumiyyətlə, indi mübarizə Ərdoğanla Qərb arasında gedir. Türkiyə bəzi hallarda ABŞ-ın dedikləri ilə razılaşmır, öz mövqeyini ortaya qoyur. Ona görə də Ağ Evə belə bir siyasi lideri yox, hər deyiləni edən siyasi fiqur lazımdır. Əgər hazırkı iqtidar yenə də qalib gələrsə, bu, müxalifət yox, Qərb üzərində qələbə olacaq. Bu mənada Azərbaycanın jestləri beynəlxalq ictimaiyyətə mesaj olmalıdır.

Seçkilərdə AK partiyanın və Ərdoğanın şansları daha çoxdur. Amma məğlubiyyət də istisna deyil. Hər halda seçkilər gərgin keçəcək. Bu baxımdan düşünürəm ki, seçkilərə kimi Cənubi Qafqazda, o cümlədən Qarabağda ciddi hadisələr baş verə bilər”.

Turan Rzayev
Globalinfo.az