
Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin iki istintaq üzrə prokurorlar qarşısında ifadə vermə prosesi başlayıb. İmamoğlu martın 21 və 22-də müstəntiqlərə ümumilikdə 10 saat ifadə verib.
Globalinfo.az xəbər verir ki, qadağalara baxmayaraq Türkiyədə etiraz aksiyaları davam etdirilib.
Bozdoğan Kemeridən Taksimə yürüş etmək istəyənlərə polis bibər qazı və plastik güllələrlə müdaxilə edib.
Bildirilir ki, Vətən Partiyasının sədri Məhərrəm İncə və CHP sədri Özgür Özel də Saraçhanedədir.
CHP tərəfdarları paytaxt Ankaranın mərkəzi Kızılaydakı Güvənparkda da izdihamlı mitinq keçirib. Aksiyaya CHP sədrinin müşaviri Ulaş Karasu və CHP Malatya millət vəkili Vəli Ağbaba da qatılıb.
Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb.
Şübhəlilər İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında saxlanılıb.
Ölkənin daxili işlər naziri Əli Yerliqaya sosial media hesabında etirazlarla bağlı açıqlama yayıb:
“İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt imkan verilməyəcək və qətiyyən dözüm göstərilməyəcək. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir”.
Qeyd edək ki, martın 23-ü saat 08:00-dək Ədliyyə Sarayına gedən 15 yolun bağlanması barədə göstəriş verilib. Hətta bir neçə yan küçə istisna olmaqla, ərazi tamamilə mühasirəyə alınıb.
Əliyar Xəlil
Globalinfo.az