Türkiyədə baş verən ardıcıl zəlzələ, Bakıda nəzarətsiz tikilən binalar… – deputat Elman Nəsirovla müsahibə

Globalinfo.az Milli Məclisin deputatı Elman Nəsirov ilə müsahibəni təqdim edir:

– Elman bəy, bildiyiniz kimi, bir neçə gün öncə qardaş Türkiyə Respublikasında ardıcıl dəhşətli zəlzələlər baş verdi. Zəlzələ ardınca Türkiyə dünya dövlətlərində yardım istədi və Azərbaycan bu çağırışa ilk cavab verən ölkə oldu. Zəlzələnin nəticələrinin aradan qaldırılması prosesində bir neçə gündür ki, Azərbaycan həm dövlət, həm xalq olaraq aktiv şəkildə iştirak edir. Bu barədə danışmağınızı istəyirik.

–  Türkiyədə baş vermiş bu təbii fəlakət hamımızı dərindən üzdü. Azərbaycan xalqı qardaş Türkiyə üçün dərin mənəvi sarsıntı keçirib. Çünki söhbət qardaş dövlətdə baş verən misilsiz bir fəlakətdən gedir.

Bu günə olan məlumata görə, Türkiyənin cənub şərqində baş vermiş zəlzələ nəticəsində 18 mindən çox insan dünyasını dəyişib. Onu da deyim ki, bu rəqəmlər hər an, hər saniyə dəyişir. Dağıntılar altında qalan və yaralı olan insanların sayı həyatını itirənlərdən çox olduğu deyilir. Bu gün bir nömrəli vəzifə odur ki, dağıntılar altında qalan insanlar ən qısa zamanda xilas edilsin.

Azərbaycan, Türkiyə dövlətləri, sözün həqiqi mənasında qardaş dövlətlərdir. Bu hadisə bir daha onu göstərdi ki, Türkiyənin ən yaxın dostu məhz Azərbaycandır. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev zəlzələ baş verdikdən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək başsağlığı verdi və söylədi ki, Azərbaycan dövləti, xalqı Türkiyənin yanındadır. Bundan başqa Azərbaycan Fövqəladə Hallar Nazirliyinin heyəti hadisədən dərhal sonra Türkiyəyə yollanıb. FHN əməkdaşları axtarış-xilasetmə missiyasını həyata keçirirlər.

Hətta Türkiyənin Qars vilayətində keçirilən hərbi təlimlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri təbii fəlakətin baş verdiyi əraziyə cəlb edilib.

– Sıravi vətəndaşlar da Türkiyədə təbii fəlakətdən zərər görmüş insanlara əllərindən gələn köməyi edir…

– Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir. Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir. Misal üçün, bir məqamı qeyd edim. Yasamalda yaşadığım binanın sakinlərindən ibarət Vatsap qrupu var və biz Türkiyədəki təbii fəlakətin ardından yardım etməklə bağlı qərar qəbul etdik. Biz Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan, döşək, uşaq, qadın, kişi geyimləri və digər ləvazimatlar toplayaraq yardım etdik.

Mən təkcə öz binamızda yaşayan insanlar ilə etdiyimizi misal gətirdim, lakin bu gün bu proses başda paytaxt Bakımız olmaqla ölkənin hər bölgəsində gedir.

– Elman bəy, sadə vətəndaşların etdiyi yardımlar təqdirəlayiq olsa da bir sual maraq doğurur. Azərbaycan Milli Məclisinin deputatları qardaş Türkiyəyə hansı yardımı edib və ya etməyi düşünür?

– İstər 44 günlük Vətən müharibəsi, istərsə də sonrakı dövrlərdə Milli Məclisin deputatları təşkil edilən kampaniyalarda yaxından iştirak ediblər. Oxşar kampaniya qardaş Türkiyə üçün də təşkil edilir. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan parlamentinin üzvləri bu prosesdə iştirak etməyi qərara alıblar. Biz bu məsələ ətrafında müzakirə apardıq və nə kimi yardım edə biləcəyimizi düşündük.

Bildiyiniz kimi, hazırda vətəndaşlarımız istər isti geyim, istərsə də digər ehtiyac duyulan ləvazimatları ianə etdikləri üçün biz daha fərqli bir şey etmək qərarına gəldik. Zəlzələdən sonra ərazidə elektrik enerjisi kəsildiyi və infrastruktura ciddi ziyan dəydiyi üçün generator çatışmazlığı var. Biz də qərara aldıq ki, prosesə dəstək məqsədilə generatorlar alıb, hadisə yerinə göndərək.

Vətən müharibəsi zamanı adətən deputatlar ya tam maaşını, ya da maaşının yarısını dəstək məqsədilə verirdi. Bu dəfə də belə olacaq. Bu isə kifayət qədər vəsaitin toplanması deməkdir. Milli Məclisin deputatları da xalqımız kimi qardaş Türkiyəyə dəstəyini əsirgəməyəcək.

– Türkiyədə baş verən təbii fəlakət sonrası Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli kifayət qədər diqqətçəkən və bir o qədər də qorxuducu bəyanat verdi. O bildirib ki, “8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən hesablanmış normativlərə görə, 40 faiz əlavə vəsait qoyulmalıdır”. Siz necə düşünürsünüz, FHN Bakıda son 4-5 ildə tikilən yaşayış və qeyri-yaşayış binalarında təcili yoxlamalara başlamalıdır?

– Heç bir ölkə təbii fəlakətdən, zəlzələdən sığortalanmayıb. Əslində Türkiyədə baş verən zəlzələ də bunu təsdiqləmiş oldu. Hesab edirəm baş verən hadisədən bütün dövlətlər dərs çıxarmalıdır.

Bu gün zəlzələlərdən ən çox əziyyət çəkən bir digər ölkə Yaponiyada insan itkisinə məruz qalmamaq üçün ən yeni texnologiya və ən keyfiyyətli ləvazimatlar ilə binalar tikilir. Hansı ki, bu binalar 8-9 bal gücündə zəlzələlər zamanı belə dağılmır. Biz Türkiyədə dağılan binalara baxsaq bir çoxunun yeni tikilən binalar olduğunu görə bilərik. Bu əslində bir çox mətləblərin üstünü açır. Deməli, binalar keyfiyyətli deyir. Təəssüf ki, bu gün bizdə də bənzər problemlər var. Binalar hədsiz dərəcədə bir-birinə yaxın tikilir. Hətta bəzən binada yanğın olanda yanğınsöndürən maşınlar hadisə yerinə gələ bilmir. Hesab edirəm son 4-5 ildə tikilən yaşayış və qeyri-yaşayış binalarında yoxlamalara başlanılmalıdır.

– Elman müəllim, bir qədər öncə qeyd etdiniz ki, Yasamalda bina evində yaşayırsınız. Yaşadığınız binanın təhlükəsizliyinə və ya təbii fəlakətlərə dözümlü olmasına əminsinizmi?

– Bu barədə nəsə demək çətindir. Çünki binanın təhvil alınmasında iştirak etməmişəm. Hesab edirəm, bu suala Azərbaycanın müvafiq qurumları cavab versə daha yaxşı olar.

Bizdə binalar səhv eləmirəmsə, 8-9 ballıq zəlzələyə dözümlü tələbi ilə tikilir. Amma bu nə dərəcədə reallaşır, nə dərəcədə keyfiyyətli tikilir, demək çətindir.

Məncə, bu məsələdə yenə Yaponiya təcrübəsindən faydalanmaq lazımdır. Yaponiyada seysmik baxımdan aktiv bölgələrdə binaların tikintisinə daha çox diqqət ayrılır. Nəzarət belə yerlərdə daha güclüdür. Türkiyə və Azərbaycanda da bu belə olmalıdır.

– 44 günlük Vətən müharibəsindən sonra bir əminlik var idi ki, Azərbaycan artıq rahata çıxıb. Əzici qələbəmizlə başa çatan müharibən sonra düşünürdük ki, Ermənistan sülh müqaviləsini tezliklə imzalayar. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat da bu istiqamətdə ümidləri artırırdı. Lakin Ermənistan və onun havadarları faktiki olaraq Azərbaycana ciddi şəkildə maneçilik törədir. İki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələrin olduğu açıq görünür Rəsmi Bakı indiki məqamda hansı addımları atmalıdır?

Ardı var…

Azər Ayxan,
Turan Rzayev
Globalinfo.az