1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində müxalif partiya liderlərinin bəziləri iştirak etməsə də, yarışa qatılanlar da var. Həmin namizədlər – AĞ Partiyanın rəhbəri Tural Abbaslı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir.
Digər həmkarlarından fərqli olaraq, onların namizədliklərinin qeydə alınması deputat olacaqları barədə fikirlərin yaranmasına səbəb olub.
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz deyib ki, bəzi siyasi partiya liderlərinin seçkilərdə iştirakına müsbət baxır və bunu haqqaniyyətin bir cilvəsi hesab edir.
Onun fikrincə, ölkəmizdə ideal seçki mühiti olsaydı, onillərlə müxalifətdə qalan siyasi liderlərin əksəriyyəti mandat qazana bilərdilər:
“Açığı, demokratik və fərqli düşüncəli insanların parlamentdə təmsilçiliyi bütün hallarda həm cəmiyyətimiz, həm də demokratik mühitin yaranması üçün çox vacibdir. Əvvəla, ona görə ki, haqqı, hüququ tapdalanan insanların üz tutacağı bir ünvan olacaq və nəticədə sadə vətəndaşların da səsi yüksək tribunlardan eşidiləcək”.
H.Oğuz deyib ki, tədrici demokratik keçid prosesi yaşayan bütün toplumlar bu cür kiçik uğurlarla indiki məqama yüksəliblər:
Heydər Oğuz
“Məsələn, qardaş Türkiyədə ilk müxalif partiya Atatürkün xeyir-duası ilə yaradılıb. Məlumata görə, 1927-28-ci illərdə baş verən quraqlıq və 1930-cu ildə qlobal iqtisadi tənəzzül hökuməti ağır vergilər tətbiq etmək məcburiyyətində buraxmışdı. Bu da xalq arasında ciddi narazılığa yol açırdı. Əslən azərbaycanlı olan deputat Əhməd Ağaoğlu 1925-ci ildə Atatürkə verdiyi hesabatda bildirmişdi ki, CHP-də xalqa zülm edən insanlar var və onlara ictimai nəzarəti təşkil etmək üçün kiçik də olsa bir müxalifət partiyası yaradılmalıdır. Atatürk də bu hesabatda irəli sürülən fikirləri yüksək qiymətləndirmiş, vətəndaşların qurtuluşu başqa yerdə axtarmaması və iqtidara ictimai nəzarətin təşkili üçün öz dostu Mustafa Kamal Fəthi bəydən cümhuriyyətçiliyə və dünyəviliyə sadiq bir partiya qurmağı xahiş etmişdi. Beləcə, ideya rəhbəri həmyerlimiz olan Sərbəst Cümhuriyyət Firqəsi qurulmuşdu. Bu partiyanı CHP-dən fərqləndirən ən mühüm cəhət iqtisadiyyatda liberalizmi müdafiə etməsi idi. Partiya uzun yaşamadı. Cəmi 4 aydan sonra bağlandı. Bununla belə, Türkiyədə çoxpartiyalı sistemin də əsası bu hadisə ilə qoyuldu. Təsadüfi deyil ki, 1950-1960-cı illərdə Türkiyənin baş naziri olacaq Adnan Menderes də Sərbəst Cümhuriyyət Partiyasının ilk üzvlərindən idi”.
Siyasi şərhçi parlamentdə müxalif partiyaların təmsil olunmasına irəliyə atılmış addım kimi baxdığını bildirib:
“Hər halda Fazil Mustafa, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı kimi kənar səslə oxumağı bacaran ziyalıların parlamentdəki fəaliyyəti cəmiyyətimizin inkişafına fayda verir. Onların sırasının artması daha faydalı olardı. Qeyd edim ki, Türkiyədə 1930-cu ildə yaranıb cəmi 4 ay fəaliyyət göstərən Sərbəst Cümhuriyyət Firqəsinin 14 deputatı vardı. Azərbaycanda da müxalifət adına iddia edən partiyaların bir fraksiya yaradacaq qədər çox təmsil olunması lazımdır. Bu həm də iqtidardakı korrupsioner məmurlara ictimai nəzarəti həyata keçirməklə ölkə başçısının informasiya mənbələrini də çeşidləndirər və ümumi işin xeyrinə olar”.
Bununla belə, Heydər Oğuz bəzi siyasi liderlərin deputatlığa namizədliklərinin qeydə alınmasının bəri başdan seçilməsi mənasına gəlmədiyini də vurğuladı.
Globalinfo.az xatırladır ki, yeni müxalifətin yaradılması istiqamətində dövlətdə bir neçə ildir müzakirələrin getdiyi haqda məlumatlar var. Nə klassik – inkarçı və aqressiv müxalifət, nə də parlamentdə təmsil olunan müxalifət dövlətin maraq və hədəflərini tam qane etmir. Ona görə də vaxtilə Atatürkün tətbiq etdiyi sistem – dövlətin içindən, onun resursları hesabına və mahiyyət etibarı ilə tamam yeni bir müxalifətin yaradılması mümkün görünür. Bir sözlə, 94 il öncə Türkiyədə sınaqdan keçirilən təcrübə bu dəfə ölkəmizdə yenidən həyata vəsiqə qazana bilər.
Zaira Akifqızı
Globalinfo.az