Türkiyə təklif etdi, Putin razılaşdı – “Sülh sənədi” son anda necə ləğv olundu?

“Ukrayna ABŞ-la konsultasiyadan sonra Rusiya ilə imzalanmış İstanbul razılaşmasından çıxdı”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland çıxış edib.

Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələri İstanbuldakı danışıqlarda iştirak etməyib və orada baş verənlərdən xəbərsiz olublar.

V.Nuland qeyd edib ki, ABŞ daha sonra Ukraynaya sözügedən razılaşmanın onların xeyrinə olmadığını və hərbi baxımdan zəiflətdiyini bildirib:

“Türklər meydan təklif etdilər, biz isə danışıqların olduğu otaqda belə deyildik. Əslində biz razılaşmanın detalları barədə məlumatlandırılmamışdıq. Danışıqların sonunda ukraynalılar bizimlə bu barədə məsləhətləşmək istədilər. Bundan sonra ABŞ, Britaniya və digərlərinə aydın oldu ki, razılaşma Ukraynaya bəzi silah sistemlərini qadağan edirmiş. Rusiya Prezidenti Vladimir Putin bununla demilitarizasiya olunmuş Ukrayna əldə edə bilərdi.

Kiyev hərbi güc kimi zəifləyəcəkdi, lakin sənəddə qeyd olunan analoji məhdudiyyətlər Rusiya üçün yox idi. Moskvadan geri çəkilmək tələb olunmur, sərhəddə hansısa silahların saxlanması qadağan edilmirdi. Ona görə də Ukrayna və ondan kənarda olanlar bu sənədin yaxşı olub-olmadığını soruşdular. Məhz bu an razılaşma çökdü”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Ukrayna ilə münaqişənin həlli istiqamətində razılıq əldə edildiyini, lakin Qərbin müdaxiləsinə görə alınmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az