Strateji müttəfiqimiz irimiqyaslı müharibəyə hazırlaşır – Hədəf bu ölkədir!

İsrail ordusu Livanın cənubunda Hizbullahı sərhəddən geri çəkmək üçün əməliyyata başlaya bilər. Bu istiqamətdə bir müddətdir işlər gedir. Belə ki, ölkənin şimalında yaşayan israillilərin daha təhlükəsiz ərazilərə köçü aparılıb. Bundan başqa, həmin şəxslərə müvəqqəti ödənişlər də edilib.

Maraqlıdır, İsrail ordusunun Livanın cənubunda əməliyyata başlaması realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Hizbullah təhlükəsi prinsip etibarilə HƏMAS-ın İsrailə hücumu və bunun ardından başlayan toqquşmalar fonunda var idi:

“Hətta İran israrla Hizbullahı prosesə qoşaraq İsraili iki atəş arasında qoymağa çalışırdı. Lakin buna tam nail ola bilmədi. Bununla belə İsraillə Hizbullah arasında kiçik çaplı da olsa, gərginlik, hətta hərbi toqquşmalar baş verib.

İsrailin indiki məqamda Hizbullaha hücumunun birdən çox səbəbi var:

Birincisi, Hizbullah hər zaman Təl-Əviv üçün potensial təhdiddir. Hətta bu təhdid HƏMAS-dan da daha ciddidir. HƏMAS-a ciddi zərbələr vurulub zəiflədilmişkən Hizbullahın da zəiflədilməsi İsrailin təhlükəsizliyi baxımdan vacibdir.

İkincisi, HƏMAS-la 40 günlük atəşkəs imzalanıb. Mümkündür ki, Ramazan ayı ilə bağlı atəşkəs uzana bilər. Belə olan təqdirdə İsrail diqqətini Hizbullaha daha rahat verə bilər.

Üçüncüsü, İsrail HƏMAS-la mübarizə aparıb Hizbullaha hücuma hazırlaşsa da, əsas gərginliyi İranladır. Təl-Əvivin mövcud prosesləri həll edib gec-tez üzünü İrana çevirəcəyi məlumdur. Lakin bunun üçün İranın proksi qüvvələrinin ən güclüsü olan Hizbullahın zəiflədilməsi vacibdir.

İsrail Hizbullaha qarşı hərbi əməliyyata başlasa, böyük ehtimalla əsas məqsədi Hizbullahı sərhədindən 10-15 kilometr geri itələmək olacaq. Bu, indiki məqamda İsrail üçün ən məqbul nəticə olar. Növbəti mərhələdə isə əməliyyatların arealı genişlənə bilər”.

Turan Rzayev
Globalinfo.az