Türkiyə rəsmiləri ermənilərlə görüşə niyə getmədi? – İrəvanın tək yolu qaldı…

Xəbər verdiyimiz kimi, Ermənistanın vitse-spikeri Ruben Rubinyan iyulun 2-də Türkiyə və Ermənistan nümayəndələri arasında görüşün olacağını təkzib edib. 

Qeyd edək ki, Ermənistan mətbuatı bundan öncə razılığın olduğunu və görüşün Marqarin sərhəd keçid məntəqəsində olacağını yazmışdı.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması haqqında gözləntilər çoxdan var. Amma bu, hazırkı şərtlərdə real görünmür.

“İki ölkə arasında həll olunmalı məsələlər var. Buna görə inanmıram ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmamış Ermənistan və Türkiyə arasında sərhədlər açılsın, əlaqələr qurulsun. Düzdür, Paşinyan hökuməti bunu çox istəyir”.

Onun sözlərinə görə, Paşinyanın əsas istəyi ölkəsinin Rusiyadan asılılığını zəiflətməkdir:

“Bunun üçün də Türkiyə ən yaxşı variantdır. Ermənistan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı üçün yüksək potensial var. Rəsmi İrəvan bundan istifadə etmək istəyir. Ancaq yaxşı bilirlər ki, bunun yolu Azərbaycandan keçir. Tərəflər arasında müəyyən əlaqələr ola bilər. Bu, ehtimal ki, Bakının məlumatı çərçivəsində baş tutur.

Ermənistanın bütün istəklərinin reallaşmasının yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdan keçir. Anklav kəndlərin təhvil verilməsi, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz torpaqlarına qayıtması və onların hüquqlarının qorunması, həmçinin Ermənistan konstitusiyasında nəzərdə tutulan ziddiyyətli maddələrin dəyişdirilməsi mütləqdir.

Sonuncu məsələ Türkiyə üçün də vacib əhəmiyyət kəsb edir. Çünki Türkiyə əleyhinə də xeyli maddə var. Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraq regional əməkdaşlıq formatında iştirak etməkdir”.

Turan Rzayev 

Globalinfo.az