
İsrail-İran gərginliyinin şiddətlənməsi regional təhlükəsizlik və sabitliyə ciddi təsir göstərir. Bu vəziyyət bir sıra problemləri, o cümlədən əhalinin müəyyən hissəsinin xarici ölkələrə, xüsusilə Türkiyəyə yönəlməsinə səbəb olur. Məlum olduğu kimi, 2011-ci ildən başlayaraq Türkiyə Suriyadan qaçqın düşən milyonlarla insana qapılarını açaraq böyük humanitar missiya həyata keçirdi. İndi isə İran vətəndaşlarının Türkiyəyə axını yeni miqrasiya dalğası yaradır.
Bu vəziyyət qarşısında Ankaranın qərarı necə olacaq? İkinci belə geniş miqrasiyanı iqtisadi və sosial çətinliklər içində olan Türkiyə idarə edə biləcəkmi?
Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç bildirib ki, 2011-ci ilin martın 15-də Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində Türkiyə böyük humanizm siyasəti yürüdərək ölkəyə üz tutan hər bir suriyalıya qapılarını açdı:
“Ölkəmizdə 4 milyondan çox qaçqın yaşayırdı. Lakin zaman keçdikcə bu prosesin bəzi yanlış tərəfləri üzə çıxdı. Canını qurtarmaq üçün Türkiyəyə sığınan insanlarla bağlı sərhəddə kifayət qədər nəzarət və yoxlama aparılmadı. Nəticədə, Əsəd rejiminin dəstəkçiləri, PKK terror təşkilatının üzvləri və digər kriminal qruplar da ölkə ərazilərinə daxil oldu. Pandemiya dövründə iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı, ictimai həssaslıq da artdı. Türkiyə xalqında heç vaxt irqçilik və ya xarici xalqlara qarşı düşmənçilik olmayıb. Təəssüf ki, çox az sayda qrup irqçi ayrı-seçkiliyi gündəmə gətirərək bundan öz maraqları üçün istifadə etməyə çalışdı.
Bu vəziyyəti və ölkənin iqtisadi çətinliklərini nəzərə alaraq, İrandan gələn insan axınını Türkiyənin qarşılaması mümkün görünmür. İranla sərhəddə böyük xəndəklər qazılıb, lazımi elektron nəzarət sistemləri inkişaf etdirilib. Sərhəddə gediş-gəlişi məhdudlaşdıracaq bütün tədbirlər görülüb.
Hüsamettin İnaç
İranın apardığı siyasət nəticəsində Əfqanıstan və Pakistandan qaçaraq Türkiyəyə gələnlərin müəyyən hissəsi qarşıdurma yaratmaq məqsədilə təşkilatlanmağa çalışırdı. Buna görə də Türkiyə İranla sərhəddə nəzarəti daha da gücləndirib.
Ümumilikdə, İran əhalisinin böyük qisminin qaçqın olmaq istəyəcəyini düşünmürəm. Rusiya-Ukrayna müharibəsində olduğu kimi, Türkiyə bu məsələdə də vasitəçi rolunda çıxış edə bilər. Prezident Rəcəb Tayyib Ərdoğan da bu istiqamətdə müəyyən addımlar atır”.
Safura Bənnayeva
Globalinfo.az