YUNESKO-nun baş direktoru Odri Azule Donald Trampın ABŞ-ı təşkilatdan çıxarmaq qərarından təəssüfləndiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.
“Təəssüf doğursa da, bu addım proqnozlaşdırılırdı. YUNESKO buna hazır idi. ABŞ-ın təşkilatdan çıxmaq səbəbləri 7 il əvvələ, Trampın ilk prezidentlik dövrünə dayanır. Lakin o vaxtdan bəri təşkilat daxilində vəziyyət xeyli dəyişib”.
O, aparılan struktur islahatlarını və maliyyə mənbələrinin şaxələndirilməsini xatırladıb.
“Hazırda ABŞ-ın töhfəsi YUNESKO-nun ümumi büdcəsinin təxminən 8 faizini təşkil edir. Eyni zamanda, təşkilat xərcləri azaltmağı planlaşdırmır”, – Azule vurğulayıb.
Trampın qərarına Fransa prezidenti Emmanuel Makron da münasibət bildirib. O, Parisin YUNESKO-ya dəstəyini davam etdirəcəyini açıqlayıb.
Xatırladaq ki, Tramp ABŞ-ı YUNESKO-dan çıxmaq qərarını bəyan edib. Vaşinqton bildirib ki, təşkilat ABŞ-ın maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləyir.
Əliyar Xəlil