
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, danışıqda əsas diqqət Avropada Qələbə Gününə və Rusiya ilə müharibənin dayandırılmasına yönəlib.
Zelenski bildirib ki, hər iki lider qarşılıqlı olaraq xalqları nasizm üzərində qələbə münasibətilə təbrik edib. Eyni zamanda, Ukrayna Ali Radasının ABŞ-la iqtisadi tərəfdaşlıq sazişini ratifikasiya etməsi də müzakirə olunub. Zelenski bu sənədi “tarixi” adlandırıb və yeni əməkdaşlıq imkanları açacağını vurğulayıb.
Ukrayna lideri həmçinin cəbhədəki vəziyyət barədə Trampa qısa məlumat verdiyini və 30 günlük atəşkəsə bu gündən etibarən hazır olduqlarını bildirib.
“Biz Rusiyadan bu təklifi qəbul etməsini gözləyirik. Eyni zamanda, danışıqlara hər hansı formatda hazırıq. Amma bunun üçün Moskva müharibəni bitirmək niyyətində olduğunu tam və qeyd-şərtsiz atəşkəslə sübut etməlidir”, – Zelenski qeyd edib.
Donald Tramp isə öz növbəsində müharibənin başa çatmasını istədiyini, bu yöndə kömək etməyə və atəşkəsin vacibliyini dəstəkləməyə hazır olduğunu ifadə edib. Tərəflər gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
*** 23:09
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparır.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenskinin köməkçisi Nikifirov mləumat yayıb.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az