
ABŞ Prezidenti Donald Tramp İranla dialoqa açıq olduğunu bildirib və bu məsələ ilə bağlı Oman sultanı Heysəm bin Tariq Əl Səid ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə məlumat verib.
“İrana qarşı maksimum təzyiq kampaniyası davam edir, amma prezident dəfələrlə açıq şəkildə bildirib ki, Tehranla dialoq və məsləhətləşmələr aparmaq istəyir. Lakin eyni zamanda, o da qəti şəkildə vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz. Bu gün prezident Oman sultanı ilə danışıb, onun ABŞ və İran arasında ilk birbaşa görüşün təşkilinə verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda, İranın nüvə proqramını danışıqlar yolu ilə dayandırmasının vacibliyini vurğulayıb”, – deyə Livitt qeyd edib.
Ağ Ev nümayəndəsi əlavə edib ki, telefon danışığı ilə bağlı yazılı açıqlama daha sonra dərc olunacaq.
Onun sözlərinə görə, Tramp və Oman lideri həmçinin ABŞ-ın Yəməndəki “Ənsar Allah” (Husilər) hərəkatına qarşı davam edən hərbi əməliyyatlarını da müzakirə ediblər:
“Hər iki tərəf razılaşıb ki, husilər Qırmızı dənizdə dəniz ticarətinə qarşı hücumlarını dayandırmayacağı təqdirdə bunun ağır nəticələri olacaq. Bildiyiniz kimi, şənbə günü prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffla İran nümayəndəsi arasında əlavə danışıqlar keçiriləcək. Danışıqlar davam etdiyi üçün bu mərhələdə əlavə şərh verməyəcəyik”.
Qeyd edək ki, 12 aprel tarixində Oman Sultanlığında İran və ABŞ nümayəndələri arasında danışıqlar baş tutub. Görüşdə İran tərəfinə xarici işlər nazirinin müavini Abbas Araqçı, ABŞ tərəfinə isə Stiven Uitkoff rəhbərlik edib. İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. İkinci raundun 19 aprel tarixində keçirilməsi planlaşdırılır.
***
22:41
Tramp İranla danışıqlar aparmaq istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Məlumata görə, Tramp artıq Oman Sultanı ilə bu mövzuda müzakirə aparıb.
Aysel Əliyeva
Globalinfo.az