ana ogul

Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, komitədən bildirildiyinə görə, aparılan ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.

Komitənin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 11 yaşlı uşaq Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.

Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir.

**18:10

Tovuz şəhərinin küçələrində uzun illərdir ki, bir ana və oğlu evsiz-eşiksiz, ac-susuz yaşayır”​. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu iddia ilə şəhər sakinləri “Səs” qəzetinə müraciət ediblər.

Müraciətdə bildirilib ki, Aybəniz adlı qadın və azyaşlı oğlu Ömər evsizdir, heç yerdən köməkləri yoxdur: “Hər gün küçələrdə, binaların bloklarında, vağzalda yatırlar, çox vaxt ac qalırlar. Hərdən kimsə 1-2 manat yardım edir və ya nəsə yeməyə bir şey alırlar. Uşaq çox ağıllıdır və istedadlıdır, amma məktəbə də gedə bilmir. Anasının psixi problemi var. Əgər bir sığınacaq verilməsə, çox güman ki, bu qışı çıxara bilməyəcəklər, soyuqdan və aclıqdan öləcəklər. Fotoda gördüyünüz kimi, gecəni şəhərin mərkəzi meydanında skamyada yatmaqla keçiriblər”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan belə cavab verildi: “Tovuz rayonunda çətin həyat şəraiti ilə qarşılaşan vətəndaş və övladı ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Sözügedən şəxslərin Aybəniz Arif qızı Qasımova və 12 yaşlı övladı Ömər olduğu müəyyən edilib. Onların mövcud vəziyyətləri qiymətləndirilib. Hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparır. Aybəniz Qasımovanın psixoloji vəziyyəti nəzərə alınaraq onun Qazax Rayon Psixiatriya Xəstəxanasına, 12 yaşlı övladının isə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilməsi ilə bağlı fəaliyyət həyata keçirilir. Uşağın müayinə və vəziyyətinin qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”.

Paylaş: