“Tıxacların yaranma səbəbinin bir qismini bilirik” – Ekspertdən önəmli açıqlama

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi fəaliyyəti ilə bağlı yeni addımlar atır, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə parklanmanı məhdudlaşdırır. Hətta binaların qarşısında pullu parkinq yaradır. Hər iki qurum deyir ki, insanlar ictimai nəqliyyat istifadə etsinlər. Lakin ictimai nəqliyyatın vəziyyəti heç də ürəkaçan deyil. Günün pik saatlarında avtobuslar gecikir, metroya isə sıxlıqdan daxil olmaq hardasa mümkünsüz hala gəlib. Bunun əziyyətini vətəndaşlar çəkir.

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, parklanma məsələsində müsbətə doğru addımlar atılır. Onun sözlərinə görə, vətəndaşlar üçün şərait yaradılır:

“Azparking” sistemi yaradılıb ki, insanlar mobil tətbiqi, bu proqramdan istifadə edə bilməyən vətəndaşlar isə sms vasitəsilə parklanmanı həyata keçirə bilsinlər. Bu sistemdən özüm də istifadə edirəm və razıyam. Şəhərdə ictimai nəqliyyatdan istifadə etmək üçün çağırışların olması normaldır. İctimai nəqliyyata üstünlük vermək lazımdır. Bununla yanaşı, ictimai nəqliyyatda da müəyyən addımlar atılmalıdır ki, proses sürətlənsin. Düşünürəm ki, addımlar atılır, getdikcə avtobusların sayı artırılır”.

Eldəniz Cəfərov

Ekspert deyib ki, tıxacın səbəbi araşdırılmalıdır:

“Tıxacların yaranma səbəbinin bir qismini təxmini bilirik. Bu səbəblər də mərhələli şəkildə aradan qaldırıla bilər. Bakı böyük şəhərdir, əhali və avtomobil sayı da çoxdur. Ona görə də, tıxaclara bir gün ərzində qalib gəlmək mümkün olmayacaq”.

E.Cəfərov AYNA tərəfindən vətəndaşlara güzəşt olunmasının gərəkdiyini bildirib:

“Müəyyən yerlərdə vətəndaşlara güzəşt olunmalıdır. Məsələn, həmin ərazidə yaşayan, çalışan insanlar üçün güzəştlər tətbiq edilməlidir. Parklanmaya şərait yaradılmalı, güzəştli ödənişlər olmalıdır ki, vətəndaşlar da şəxsi avtomobillərini rahat şəkildə həmin ərazidə saxlaya bilsinlər”.

Zaira Akifqızı
Globalinfo.az