
Globalinfo.az araşdırmaçı yazar Həmid Herisçi ilə son zamanlar ard-arda baş verən təyyarə qəzaları mövzusunda müsahibəni təqdim edir:
– Həmid bəy, Xəzər üzərində təyyarələr qəza siqnalları verir. Üstəlik, qəza enişlərinin də sayı çoxalır. Dünən isə ABŞ-da məlum aviaqəza baş verdi. Bu hallar bütün dünyada narahatlıq yaradır və hava nəqliyyatını insanların gözündə etibarsızlaşdırır. Sizcə, təyyarə qəzaları niyə çoxalıb?
– Təyyarə qəzalarının səbəbini öyrənmək dünya jurnalistləri üçün peşə imtahanıdır bir növ. Peşəkarlıq şkalasında ilk abzasdadır. Yadıma gəlir, bir dəfə rəhmətlik jurnalist Orxan Camalla biz dünyadakı bütün aviaqəzaları yaxşıca öyrəndik.
– Nəyi öyrənmiş oldunuz?
– Gördük ki, bu qəzaların təbii səbəbləri sonradan müvafiq qəza komissiyaları tərəfindən yaxşıca öyrənilir. Sonra bu təcrübə, süni şəkildə təkrarlanır. Düşmən təyyarələrinin düşürülməyinə xidmət edir. Qəza, bu dəfə təbii kimi göstərilir…
– Daha detallı nə deyə bilərsiniz?
– 1981-ci ilin 7 fevralında Leninqrad-Vladivostok marşrutu ilə uçan TU-10A təyyarəsinin qəzası nəticəsində SSRİ-nin 16 dəniz admiralı və generalı, 12 üst zabiti həlak olmuşdu. Səbəb gülməli idi – təyyarənin yük yerində ağır tonnajlı qəzet rulonu qoyulubmuş. Uçuş zamanı o yerindən oynamış, aerodinamika qanunları pozularaq təyyarəni qəzaya uğratmışdı. Qəza, bütün Sakit Okean donanmasını başsız qoymuşdu.
– Sonra araşdırma apara bildinizmi?
– Sonralar, çox sonralar biz Orxanla bu cinayətin izinə düşdük. Oxşar hadisəni Qərbdə tapdıq. Orda da 50-60 il öncə belə oxşar qəza baş vermiş, bir ağır qəzet rulonu yerindən tərpənərək təyyarəni qəzaya uğratmışdı… Qəzanın səbəblərini aydınlaşdıran komissiya üzvlərindən biri sonradan bundan silah kimi istifadə etməyi təklif edir.
– Və…
– Təcrübə sonradan 1981-ci ildə həyata keçirilir. Təbii texnogen qəza ssenarisi təxribat əməliyyatına dönür…

Həmid Herisçi
– Deyirsiniz Vaşinqtondakı aviaqəza da təxribat nəticəsində baş verib?…
– Qəzanın məhz Potamak çayı üzərində baş verməsi, hə, şübhəlidir. İdeal cinayət yeridir. İmkan verir ki, bütün ipucları itsin. 8 metrlik çay dərinliyinə qərq olsun.
– Qəzada daha hansı ipucları var?
– Kriminalistikada “Zaman və məkan” mövzusu gördüyümüz kimi çox vacibdir. Məkanı haqda fikrimizi bildirdik, şübhəli yerdir. Zaman da şübhəlidir. Moskva və Vaşinqton arasında yeni dialoq yaranarkən içində Rusiya vətəndaşlarının da olduğu təyyarə qəzaya uğradı. Heç kim sağ çıxmadı…
– Bəli, zaman da şübhəlidir. Daha nələr şübhə doğurur?
– Birincisi, müstəqil jurnalistlər burdakı hava trafikini yaxşıca incələməlidirlər. İkincisi, niyə təyyarə sərnişinləri arasında gurultulu familiyalı, vəzifəli Rusiya nümayəndələri olub?
– Təsadüf ola bilər?
– Məncə, yox. Rusların təyyarə mövcudluğuna təsadüf kimi baxmıram. Cəsədlərin Moskvaya təhvili Trampla Putinə yeni nəzarətsiz dialoq xətti verəcək, verir də.
– Maraqlıdır… Davam edin.
– Karib böhranı zamanı Moskva ilə Vaşinqton arasında yeni əlaqələrə, birbaşa əlaqələrə ciddi ehtiyac yaranmışdı. O vaxt Siyasi Büro ilə Ağ Ev arasında birbaşa telefon xətti quruldu. Bu, üzdəki, leqal əlaqələr üçündür. Gizli əlaqələr üçün isə rəsədxanalardan istifadə olunmağa başladı. Yevpatoriyadakı ulduz rəsədxanasından o vaxt guya yadplanetlilərə ünvanlanmış “SETİ” adlanan bir xəbər göndərirlər. Xəbər bir sətirlik idi-“Mir” Yəni “sülh”. Moskva o vaxt, 1962-ci ildə öz sülh təklifini əvvəlcə guya kosmosa, yadpalanetlilərə ünvanlamışdı. Detallarda çox da ilişib qalmayaq… Demək istəyirəm – “Vaşinqtonla Moskva bu dəfə də təbii texnogen qəzanın səbəblərdən öz xeyrinə istifadə edəcək. Tam yeni əlaqə kanalı qurulacaq Moskva və Vaşinqton, Putinlə Tramp arasında. Tam müstəqil, tam nəzarətsiz. Danışıqlar da bax, bu vacib nüansdan sonra başlanacaq.
– Yəni…
– Yəni mənfiləri müsbətə çevirmək dahilərə məxsusdur. Qəza təbii də ola bilər, süni də. Kim bu qəzanın nəticələrindən faydalanacaq? Bax, bu, yaxşı sualdır.
Zaira Akifqızı
Globalinfo.az