İsrail Baş nazirinin ofisi məlumat yayıb ki, ölkə nümayəndələri avqustun 15-də Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlara gedəcək.
“Baş nazir Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılacağı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib”, – məlumatda deyilib.
Qeyd edək ki, daha əvvəl Misir, Qətər və ABŞ İsrail və HƏMAS-ı Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırmışdı.
Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İsrail bundan əvvəl Qətərdə, Qahirədə HƏMAS-la danışıqlar aparıb:
“Müharibə zamanı ən qatı düşmənlər də masaya oturur. Yəni bu, problem deyil. İsrail elan edib ki, girovları azad etmək üçün danışıqlar gedir. Digər tərəfdən, HƏMAS Dohaya nümayəndə heyəti göndərməyəcəyini bəyan edib, amma bu qərar dəyişə bilər. Əsas məqsəd Qəzzada atəşin dayandırılmasıdır.
Qətər, Misir kimi HƏMAS-a təsir imkanları olan dövlətlər danışıqlara getməsi üçün təşkilata təzyiq edir. İndiki hakimiyyət Qəzzada müharibəni dayandırmaq istəmir, ancaq beynəlxalq təzyiq və daxildə girovların ailələri, müxalifət Netanyahuya təzyiq göstərir. Ona görə də baş nazir danışıqlara heyət göndərir.
Kənan Rövşənoğlu
Adətən belə danışıqlar nəticəsiz qalır. İsrail Livana bu gün hücum edə bilər, sadəcə təkbaşına hücum risklidir, üstəlik Təl-Əvivə təzyiqlər olacaq. Buna görə də Livana hücum üçün bəhanə formalaşdırmağa çalışır. O bəhanə də İran və “Hizbullah”la toqquşma ola bilər. Bu olmadıqda İsrail Livana hücum etməyəcək”.
Turan Rzayev
Globalinfo.az