“Təkcə Türkiyə ilə yox, region və dünya dövlətləri ilə də strateji münasibətlərimiz inkişaf edir” – Şərh

Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, etibar edilən, əməkdaşlıqda güvənilən ölkələrindən sayılır. Dövlətimizin bugünkü imici, yaratdığı təəssürat, aparılan uğurlu siyasət, habelə düzgün əməkdaşlıq strategiyası ilə bağlıdır.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığı xüsusilə diqqət çəkir. Ölkəmizin bu istiqamətdə atdığı addımlar bu gün müsbət nəticəsini verir.

Maraqlıdır, hazırkı etapda ölkəmizin qarşısında duran hədəflər nələrdir?

Dövlətin beynəlxalq imicinin yüksəldilməsi, habelə mövcud yanaşmaların qalıcı olması üçün hansı işlər görülür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra xarici siyasət kursunda sürətli addımlar atmağa başladı:

Kənan Novruzov

“Buna misal olaraq ölkəmizin 1992-ci ildə BMT-yə üzv olmasını, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni və digər mühüm məqamları qeyd etmək olar.

Ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasət kursunu onun layiqli davamçısı İlham Əliyev uzun illərdir ki, davam etdirir. Bu gün xarici siyasət kursumuzun əsas istiqamətini beynəlxalq təşkilatlar və region ölkələri ilə münasibətlərin inkişafı təşkil edir.

2020-ci ildə baş verən və şanlı qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar yarandı. Bu yeni reallıqların müəllifi rəsmi Bakıdır. İkinci Qarabağ müharibəsinə kimi bir çox dünya dövlətləri və beynəlxalq təşkilatlar haqq səsimizi eşitməkdən imtina edirdi. İndi isə onlar Azərbaycanla hesablaşırlar. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa xüsusi can atır. Çünki Qərb başa düşür ki, Azərbaycan Cənubi Qafqazın əsas geosiyasi aktorudur. Beynəlxalq təşkilatların və dünya dövlətlərinin regionla bağlı maraqlarının təmin olunması üçün Azərbaycanla əməkdaşlıq şərtdir. Dediyim odur ki, əməkdaşlıq təkcə bizim üçün, qarşı tərəflər üçün də eyni dərəcədə əhəmiyyətlidir”.

Ekspert deyib ki, bu gün Azərbaycan həm də dünya dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinə səy göstərir:

“Təkcə Türkiyə ilə yox, İsrail, Pakistan, BƏƏ və digər dünya dövlətləri ilə də strateji münasibətlərimiz inkişaf edir. Bundan başqa, Ermənistanla münasibətlərin normallaşması xarici siyasət kursumuzun əsas istiqamətlərindəndir. Beləliklə, rəsmi Bakı “böyük şahmat taxtasında” dəqiq, koordinasiyalı gedişlər edir, Prezident İlham Əliyev mahir qrossmeysterlər kimi davranır.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”

Turan Rzayev
Globalinfo.az