“Tahir Əliyev Xocalı cinayətinə görə məsuliyyətə cəlb olunmalıdır” – Fəhmin Hacıyev

Sabiq müdafiə naziri general-mayor Tahir Əliyev Globalinfo.az saytına müsahibəsində Xocalı soyqırımı ilə bağlı danışıb və həmin dövrdə siyasi proseslər haqqında fikirlərini bildirib. T.Əliyev iddia edib ki, Azərbaycan MDB-yə üzv olmadığı üçün Rusiya Prezidenti Boris Yeltsin tərəfindən cəzalandırılıb və Xocalı qətliamı törədilib. Onun sözlərinə görə, MDB-yə üzv olsaydıq, Azərbaycan Rusiya tərəfindən ağır formada cəzalandırılmazdı.

Milli Azadlıq Hərəkatının fəallarından olmuş, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının keçmiş komandanı (1992–1993), hazırda Ukraynada yaşayan Fəhmin Hacıyev Globalinfo.az-a müsahibəsində T.Əliyevin bu fikirlərinə münasibət bildirib.

Müsahibəni təqdim edirik:

– Fəhmin bəy, sabiq müdafiə naziri Tahir Əliyev bildirib ki, 1992-ci ildə müxalifət Azərbaycanın MDB-yə daxil olmasına qarşı çıxıb. Doğrudanmı müxalifət Ayaz Mütəllibova imkan verməyib ki, o, Azərbaycanı MDB-yə daxil etsin?

– Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olmuşam və təsdiqləyirəm ki, bəli, o zaman AXC Azərbaycanın MDB-yə daxil olmasının tərəfdarı olmayıb. AXC Rusiyanın nəzarətində olan qurumun tərkibində olmağın yanlış siyasi qərar olduğunu bilirdi. Bizim 1992-93-cü illərdə hakimiyyətdə olduğumuz dövrdə də bu məsələlər dəfələrlə müzakirə olunub. Amma Əbülfəz Elçibəyin prezident olduğu dövrdə Azərbaycan MDB-yə üzv olmayıb. Ona görə ki, Rusiyanın hökmranlıq etdiyi hər hansı bir siyasi blokda iştirak etmək istəməmişik.

Amma görünür, Tahir Əliyev Rusiya mövqeyindən çıxış edir. Məntiq etibarilə o, Azərbaycanın mövqeyindən çıxış etmək üçün mənəvi hüquqa malik adam deyil. Ola bilər ki, Tahir Əliyev bu fikirləri ilə kiməsə xoş gəlmək istəyib. Amma prinsipcə dünyada gedən siyasi proseslər, Rusiyanın Azərbaycana qarşı aqressiv münasibəti, Qarabağda işğalçı qoşunların yerləşdirilməsi, orada Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılmasına çalışması və hətta Lavrovun dünənki görüşdə Azərbaycanın öz sərhəd məntəqəsini qorumasına etiraz etməsi bir daha sübut edir ki, Kreml hələ də Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapmasına qarşı çıxır. Bizi özündən asılı dövlətə çevirmək istəyir. Baxmayaraq ki, siyasi düşüncələrimizdə müəyyən fərqlər var, amma şükürlər olsun, mövcud hakimiyyət hələlik Azərbaycanın vassal dövlət olmasına imkan yaratmayıb.

– Tahir bəy iddia edir ki, zamanında Azərbaycana MDB-yə daxil olmağa imkan verilsəydi, Xocalı soyqırımı olmazdı.

– Tahir Əliyev yalan danışır! Əgər Tahir 1992-ci ilin fevral ayının 16-da Ağdamdan qaçmasa, ona verilən komandanlığı axıra kimi icra etsə, orada olan qüvvələrin bir yerdə toplaşaraq əməliyyat keçirməsinə rəhbərlik etsəydi, Xocalı hadisələrinin qarşısını tamamilə ala bilməsək də, hər halda daha az itki ilə çıxmaq imkanımız olardı.

1993-cü ilin qışı, Ağdam, döyüş zonası. Daxili Qoşunların komandanı Fəhmin Hacıyev. F.Hacıyevin solundakı h/h komandiri polkovnik S.Şabanov.

Həmin Tahir Xocalı hadisəsi zamanı harada idi? Məni günahlandırırlar, adımı neqativ hallandırırlar. Amma bilənlər bilir ki, mən silahsız olaraq yardım məqsədilə döyüşə qoşulmuşam! Tahir Azərbaycanı müdafiə edə bilərdi, amma etmədi. Prezidentlə danışmaq onun üçün asan idi. Lakin o məni, Şirin Mirzəyevi, Fred Asifi, Allahverdi Bağırovu atıb qaçdı, rusa xidmət etdi! Ümumiyyətlə, Xocalı faciəsini törədən tərəf Rusiyanın 366-cı alayının erməni hərbi birləşmələridir. Bu da Moskvadan verilmiş sanksiyadır və ermənilər indiyə qədər də bunu həyata keçirir. Bu cinayətin üstü açılmırsa, Tahir Əliyev bu gün də həmin cinayəti kimlərinsə üzərinə atmaq istəyirsə, yanlış edir. Əgər Azərbaycan tərəfindən kimsə Xocalı cinayətinə görə məsuliyyətə cəlb olunmalıdırsa, o da birinci şəxs olaraq Tahir Əliyevin özüdür! Ona görə ki, Tahir Əliyev o dövrdə Ayaz Mütəllibovun əmri ilə Qarabağ üzrə komandan təyin olundu və əmri icra etmədi, döyüş yerindən qaçdı.

MDB məsələsinə gəldikdə isə Azərbaycan bu təşkilata daxil olmamışdan əvvəl rus qoşunları ərazimizdən çıxarılıb və uzun müddət torpaqlarımızda heç bir ölkənin qoşunu olmayıb. Azərbaycan MDB tərkibində ola-ola rus qoşunları Qarabağa girib işğal etdi. Əgər MDB Azərbaycanın dövlət kimi qorunmasını istəyən qurum idisə, nəyə görə rus Qarabağı yenidən işğal etdi?! Faktiki olaraq, burada Azərbaycan respublikasının, hakimiyyətinin iradəsini sındıraraq Qarabağı Rusiya işğal etdi. Bu isə MDB-nin Azərbaycana verdiyi zərərdən başqa bir şey deyildi.

Hesab edirəm ki, Azərbaycan torpaqlarının işğal edilməsinin birinci səbəbkarı Moskvadır! MDB-nin də başında Moskva dayanır. Rusla olan hər hansı bu cür siyasi blokların Azərbaycana fayda gətirəcəyini düşünmürəm. Rusiyanın məqsədi bu cür bloklar yaratmaqla Belarus kimi bizi də vassal dövlətə çevirməkdir. Hətta uzun müddət müttəfiqi olmuş Ermənistan belə Rusiya ilə bir yolda iştirak etmək istəmir. Çünki erməni də başa düşür ki, Rusiyanın rəhbərliyi altında olan bloklar o dövlətlərin müstəqilliyini məhdudlaşdırır, dünyaya inteqrasiyasının qarşısını alır, sivil formada inkişafına mane olur.

– Tahir Əliyev deyib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiyanın aqressiyası xeyli neytrallaşdı. Buna səbəb isə bizim MDB-yə daxil olmamız idi.

– Tahir Əliyev burada da yalan danışır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra da Rusiya beş rayonumuzu işğal etdi. Ona görə bu əraziləri işğal etdi ki, Azərbaycanın iradəsini qırıb, MDB-yə daxil etsin. O demək deyil ki, MDB-yə daxil olmaq Azərbaycanı nədənsə xilas etdi. Azərbaycanın MDB-yə daxil olması üçün Rusiya Azərbaycan torpaqlarını işğal edib.

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğal edilməsinə baxmayaraq, Rusiya Azərbaycan suveren hüquqlarını bərpa edə bilməsin deyə, gəlib təkrar Qarabağı işğal edib. Bu gün Vardanyanın oturduğu Xankəndini guya ermənilər əldə saxlayıb?! Oranı rus işğal edib və vardanyanları da orada yetişdirən ruslardır. Bunu Tahir dərk edə bilmirsə, o zaman getsin vaxtilə əməkdaşlıq etdiyi agentura setindən xəbərdar olsun. Onun Azərbaycan üçün verəcəyi heç bir şey olmayıb, bundan sonra da olmayacaq.

– Fəhmin bəy, biz axı MDB-yə daxil olduqdan sonra ölkənin suverenliyinə, müstəqilliyinə xələl gəlmədi. Olmazdımı MDB-yə daha əvvəllər daxil olaq? Bəlkə, doğrudan da Tahir Əliyevin dediyi kimi, Xocalı faciəsi baş verməzdi?

– MDB-yə daxil olmaq Azərbaycana nə siyasi, nə də iqtisadi divident gətirib. Oraya daxil olmaq sadəcə, Azərbaycanın bugünkü vəziyyətini formalaşdırıb. Əgər Rusiya Azərbaycanın suveren hüquqlarına hörmət edirsə, Qarabağda nə gəzir?! Niyə bizim ərazimizə 5 min nəfərdən çox qoşun yeridib?!

Gözümüzün önündə MDB-dən çıxan dövlətlər var. MDB-dən çıxmaq istəyən Gürcüstanı, Moldovanı, Ukraynanı Rusiya işğal etməyə çalışdı və hələ də Ukrayna ilə müharibə edir. Faktiki olaraq MDB deyilən bir qurum yoxdur! Rusiya var və onun tabeliyinə keçmək və keçməmək var. Sorğu keçirin, görün, Azərbaycan xalqı MDB-də olmaq istəyirmi?! İnanmıram kimsə bunu istəsin. Ağlı başında olan adam Rusiya tabeliyində olmaq istəməz. Rusiyadan nə qədər uzaq qaçarsan, başın bir o qədər salamat olar.

Əslində, Tahir Əliyevlər olmasaydı, o zaman siyasi rəhbərlər düzgün qərarlar qəbul edə bilsəydi, biz MDB-yə girməzdik və bundan daha da yaxşı vəziyyətdə ola bilərdik. Tahir Əliyev də yəqin demək istəyir ki, biz MDB-yə girmədik deyə rus gəlib Xocalını işğal etdi. O zaman niyə bizim əraziləri işğal edən ölkənin tabeliyində olmalıyıq?!

Zaira Akifqızı
Globalinfo.az

REDAKSİYADAN: Tahir Əliyevin ittihamlara cavab vermək haqqını tanıdığımızı bildiririk.