Sülh müqaviləsinin qarşısını alan məqamlar… – Brayza

Globalinfo.az Ceymstaun Fondu İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın Teleqraf.сom-a müsahibəsini təqdim edir:

– Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyini iddia edir. Siz bu ehtimalı mümkün hesab edirsinizmi, barışıq üçün zəmin varmı?

– İnanıram ki, yaxın bir neçə ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlana bilər. Əminəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan çoxdan eynilə Azərbaycan Prezidenti İlham Əliyev kimi sülh müqaviləsinin olmasını istəyirdi. Bunun qarşısını alan məqamlar “Qarabağ rejimi”nin başında duran ifrat millətçi liderlər, həmçinin erməni qoşunlarının Qarabağda qeyri-qanuni mövcudluğu idi. Çünki millətçi rejim və Qarabağda erməni qoşunlarının qeyri-qanuni mövcudluğu davam etdikcə təkcə Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmırdılar, eyni zamanda Ermənistanın siyasi sistemində münaqişəni bitirmək istəməyən və daha “böyük Ermənistan” düşüncəsində olan ifrat millətçilərə bəhanə də verirdilər ki, Paşinyana “mübarizəni davam etdirməlisən” desinlər.

Hazırda o ekstremist rejim və erməni qoşunları Qarabağı tərk etdikdən sonra Prezident Əliyev və Baş nazir Paşinyanın sülh razılaşmasına əngəl olan əsas maneə aradan qaldırılıb.

– Ermənistandan keçəcək nəqliyyat dəhlizləri də gündəmdədir. Bu məsələdə Azərbaycanla Ermənistan arasında fikir ayrılıqları var. Bəs bu məsələnin necə çözüləcəyini düşünürsünüz?

– Düşünürəm ki, Ermənistan və Azərbaycan üzərindən dəhlizin yaradılması ilə əlaqədar narazılığın həlli sadəcə olaraq 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatının icrasından ibarətdir. Bu bəyanatda Azərbaycan və Ermənistan Azərbaycanın geri qaytarılmış əraziləri üzərində dəhlizin yaradılması barədə razılığa gəliblər.

Paşinyan Sünikdən keçən dəhlizi həyata keçirməyə hazırdır, təbii ki, Azərbaycan bunu Zəngəzur dəhlizi adlandırır, lakin o, bu işi nəqliyyat dəhlizləri və Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşması üzrə daha geniş sazişlər kontekstində etmək istəyir. Bu, yaxşı haldır, lakin Ermənistanda sülh müqaviləsinə qarşı çıxan eyni millətçi qüvvələr indi havanı yalanlarla doldururlar.

Azərbaycanın Ermənistandan ərazi əldə etmək yolu kimi dəhlizdən istifadə etməyə çalışdığına dair yalan təbliğat aparırlar və bu, əlbəttə, yalandır. Mən hesab edirəm ki, Paşinyan dəhliz məsələsinin həllinə çalışır. Dəhlizlər Ermənistanı regional iqtisadiyyata yenidən inteqrasiya edəcək.

Düşünürəm ki, bu, onun ölkəsi üçün müdrik bir işdir, bu, iqtisadi artım və iş yerlərinin inkişafına, daha sonra sabitliyə gətirib çıxaracaq ki, bu, həm də Azərbaycan üçün yaxşı olacaq.

– Fransa Azərbaycana qarşı niyə kəskin mövqedədir? Hətta Kanada, Hollandiya və bir sıra digər Avropa ölkələrini də Azərbaycana qarşı qaldırır.

– Fransanın Azərbaycana qarşı sərt mövqe tutmasının səbəbi aydındır. Bu, Fransanın daxili siyasətində erməni diasporunun güclü rol oynamasına görədir. Ola bilər ki, Emmanuel Makron son illərdə Qarabağ münaqişəsinə kifayət qədər diqqət yetirməyib və buna görə də Ermənistanın necə 10 noyabr atəşkəs bəyanatını pozaraq öz qoşunlarını Qarabağda qeyri-qanuni saxladığını başa düşməyib.

Hər halda, Kanada, Hollandiya və ya digər Avropa ölkələrinin fikrini Azərbaycan əleyhinə yönəltməkdə Fransanın məsuliyyət daşıdığını düşünmürəm. Fikrimcə, bu ölkələr Ermənistandan Azərbaycanın “təcavüzkar” olması və Qarabağ münaqişəsini birdəfəlik həll etmək üçün bu yaxınlarda hərbi gücdən istifadə etməsinə dair təbliğat və ya arqumentləri mənimsəyir.

Həmin Avropa ölkələri, ümumiyyətlə, hər zaman hərbi gücdən istifadənin əleyhinədirlər, ona görə də bəzi yüksək səviyyəli Avropa rəsmiləri ilə şəxsi söhbətlərimə əsaslanaraq hesab edirəm ki, Azərbaycanı hərbi güc tətbiq etmək seçimində günahlandırırlar. Lakin Ermənistan qoşunlarının hələ də qanunsuz olaraq Azərbaycan ərazisində olması və bu səbəbdən Azərbaycanın təhlükəsizliyinə təhdid yaratması faktına məhəl qoyulmurdu.

İstərdim ki, Avropa liderləri Azərbaycanın sonuncu hərbi əməliyyatından əvvəl və ya Azərbaycanın dediyi kimi, antiterror tədbirlərindən əvvəl əməliyyatın dəqiq və məhdud miqyasda olacağı və yalnız hərbçiləri hədəfə alacağını bildirən bəyanatı ilə tanış olsunlar, geri dönüb oxusunlar. Azərbaycan bu antiterror tədbirlərini məhz belə həyata keçirdi.

– ABŞ Azərbaycan və Ermənistana yanaşmada hansı mövqedə durur?

– ABŞ-ın Azərbaycan və Ermənistanla münasibətləri ilə bağlı mövqeyi ondan ibarətdir ki, hər iki ölkə ilə güclü münasibətlər qursun. ABŞ mənim vaxtımda Qarabağ münaqişəsində fəal və mən hesab edirəm ki, tamamilə ədalətli vasitəçi olub. Biz Azərbaycanı heç bir güzəştə getməyə məcbur etməmişik. Biz Ermənistanı da güzəştə getməyə məcbur etməmişik.

Biz sadəcə olaraq hər iki ölkəyə irəliyə doğru yol tapmaqda kömək etməyə çalışırıq. Amerika Birləşmiş Ştatlarının maraqları hər bir ölkədə fərqlidir, Azərbaycanda təhlükəsizlik və enerji maraqları, Ermənistanda isə erməni əhalisinin inkişafı ilə əlaqədardır, üçüncü amil odur ki, indi həqiqətən sülh üçün bir şans var.

Birləşmiş Ştatlar həmin sülh müqaviləsinin Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən imzalanmasını istəyir. Bir neçə həftə əvvəl dövlət katibi Blinkenin guya Azərbaycanın Ermənistan ərazisinə hərbi əməliyyat planlaşdırması ilə bağlı narahatlığını ifadə etdiyi barədə yalan məlumatlar yayılmışdı.

Düşünürəm ki, bu, erməni-amerikalı diaspor təşkilatları tərəfindən aparılan təbliğatdır və bundan sonra Dövlət Departamentinin sözçüsü bu iddiaların yalan olduğunu açıq şəkildə bəyan etdi.

– Ermənistan Qərbə inteqrasiyanı sürətləndirir, hətta Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu da ratifikasiya etdi. İrəvanın bu addımları Kremldə Rusiyaya qarşı demarş və düşmənçilik kimi qiymətləndirilir. Sizcə, Rusiya Ukrayna ilə müqayisə etdiyi Ermənistana qarşı hansı addımları ata bilər?

– Ermənistanın Qərblə daha çox uzlaşması və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi çox gözəldir. Mən bunu Birləşmiş Ştatlar etməsə də deyirəm. Bu hərəkətlər prezident Putini və Rusiyanı qıcıqlandırmaq məqsədi daşıyır, lakin Rusiya Ermənistana qarşı heç nə etməyəcək, xüsusilə hərbi addımlar…

Ermənistanla Ukraynadakı vəziyyət arasında müqayisə ediləcək bir şey yoxdur. Putin Ukraynanın bir ölkə, ukraynalıların da bir millət kimi mövcud olmaq hüququna malik olmadığına inandığını açıq şəkildə bəyan etdi və və buna görə də hər ikisini məhv etməyə çalışır. Ermənistanın timsalında Ermənistanla Rusiya, ermənilərlə ruslar arasında çoxəsrlik möhkəm əlaqələr mövcuddur.

Rusiyanın Ermənistanda geniş biznes maraqları var; Rusiya dövləti və rus iş adamları Ermənistanın enerji və nəqliyyat infrastrukturunun böyük bir hissəsinə sahibdirlər. Ermənistanın hava məkanı Rusiyanın hava məkanına inteqrasiya olunub və biz bilirik ki, Rusiya sərhəd qoşunları Ermənistanın beynəlxalq sərhədinin böyük hissəsi boyunca dayanır.

Beləliklə, Ermənistanla Rusiyanın uzun və davamlı tərəfdaşlığı var və ermənilər əsrlər boyu türk qonşularından qorunmaq üçün Rusiyaya üz tutublar. Yaxşı və ya pis, bu, dəyişməyəcək . Rusiyanın Ermənistanla münasibətləri ilə müqayisədə Ukrayna ilə münasibətləri tamamilə fərqli bir vəziyyətdədir. Açıq şəkildə bu, Rusiyaya İkinci Dünya Müharibəsindən bəri ölkə tarixində hər hansı bir fəlakətdən daha çox zərər verir.