Stoltenberqin Bakıdan istəyi – “Bağlı qapılar arxasında deyilib ki…”

“NATO Baş katibi Yens Stoltenberq Bakıdakı açıqlamalarında Şimali Atlantika Blokunun Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığına dair xeyli cümlə söylədi, konkret misallar çəkdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Stoltenberq bu fikirlərini AZƏRTAC agentliyinə verdiyi müsahibədə bir daha təkrarladı:

“Baş katib müsahibədə sadəcə Azərbaycanla bağlı bir istəyini səsləndirdi: NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Putinin qalib gəlməsinin qarşısı alınsın. Ona görə düşünürəm ki, Azərbaycanın da Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulması çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.

E.Şahinoğlu deyib ki, Azərbaycan da bir çox dövlət kimi Ukraynanın ərazi bütövlüyünü təmin etməsini arzulayır:

“Çünki ərazi bütövlüyü məsələsi Azərbaycan üçün həssas mövzudur, torpaqlarımızın uzun illər işğal altında qalması ilə bağlı acı təcrübəmiz var. Ona görə də Azərbaycan Rusiyanın Ukraynada qələbəsinin əleyhinədir. Ancaq Azərbaycan Yens Stoltenberqin arzuladığı kimi, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşula bilməz. Yəqin, bu haqda ona Bakıda bağlı qapılar arxasında deyiblər”.

Politoloqun sözlərinə görə, güman ki, İrəvan və Tbilisi də NATO Baş katibinə eyni cavabı verib:

“Ermənistanın Rusiya ilə münasibətlərində suallarının sayının artmasına baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələrdən imtina etməyəcək. NATO üzvü olmaq istəyən və Moskva ilə diplomatik münasibətləri olmayan Gürcüstan özü belə Rusiya ilə iqtisadi əlaqələrdən imtina etməyib və etməyəcək. Çünki praktik baxımdan da Azərbaycan, Ermənistan və Gürcüstan məhsullarının satışı üçün hələ ki, ən münbit bazar Rusiyadır. Tutaq ki, Cənubi Qafqaz ölkələri Yens Stoltenberqin istədiyi kimi Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşuldular, bu halda Avropa İttifaqı ölkələri Azərbaycanın, Gürcüstanın və Ermənistanın kənd təsərrüfatı və digər məhsullarını qəbul etməyə hazırdırlar? Bu suala müsbət cavab vermək mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az