sahib aliyev 12

“Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində baş verən proseslər diqqətçəkəndir. Burada sistemli şəkildə radikallaşmanın qarşısının alınması, vətəndaşlar arasında cəmiyyətin bütövlüyünü pozan qarşıdurmaların yaranmaması, milli dəyərlərin və dövlət müstəqilliyinin qorunması istiqamətində addımlar atılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Sahib Alıyev deyib.

“Bunun arxasında nələrin dayandığı məsələsi də diqqətlə araşdırılmalıdır. Qlobal proseslərin yaratdığı təhdidlərə və ayrı-ayrı ölkələrin müxtəlif təsir cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Lakin kənardan hər hansı müdaxilə və ya təsir olmasa belə, sosial platformaların öz alqoritmləri də cəmiyyətdə gərginliyi artıra bilər. Bu problem təkcə Azərbaycanın sosial media seqmentinə xas deyil.

Meta, X, YouTube və digər texnologiya nəhənglərində çalışan mütəxəssislərin açıqlamalarında da sosial şəbəkə alqoritmlərinin, psixoloji manipulyasiyanın və “əks-səda kameraları”nın radikallaşmaya və sosial qarşıdurmaya təsir göstərə bildiyi qeyd olunur. İnsan beyni neqativ, qorxulu və hədəf göstərən məlumatlara müsbət məzmundan daha həssas reaksiya verdiyi üçün alqoritmlər bəzən cəmiyyətdə gərginlik yaradan, qıcıqlandırıcı və aqressiv məzmunları daha çox önə çıxarır.

İstifadəçinin müəyyən məzmuna maraq göstərdiyi təsbit edildikdə, sistem ona daha kəskin və əvvəlki baxışlarına uyğun kontentlər təqdim edə bilir. Çünki insanlar öz inanclarını, siyasi baxışlarını və dünyagörüşlərini təsdiqləyən məlumatları görməyə daha meyillidirlər. Fərqli fikirlərlə qarşılaşmaq isə müəyyən hallarda psixoloji diskomfort yaradır”.

Deputat qeyd edib ki, nəticədə alternativ rəylərdən təcrid olunan fərd öz qrupunda formalaşan radikal fikirlərin mütləq doğru olduğuna inana və cəmiyyət kəskin şəkildə iki cəbhəyə bölünə bilər:

“Beləliklə, sosial platformaların imkanlarından istifadə etməklə müəyyən radikal fikirlərin süni şəkildə geniş auditoriyaya yayılması mümkün olur. Avropa Komissiyası da müxtəlif dövrlərdə sosial platformaların ictimai diskursa təsiri, dezinformasiya, seçki proseslərinə müdaxilə və xüsusilə gənclər arasında asılılıq yaradan mexanizmlərlə bağlı araşdırmalar başladıb. “TikTok”, “Facebook” və “Instagram” kimi platformalarla bağlı aparılan proseslər bu məsələnin artıq beynəlxalq səviyyədə ciddi müzakirə olunduğunu göstərir. Düşünürəm ki, Azərbaycanda sözügedən istiqamətdə ciddi addımların atılmasına ehtiyac var”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: