SON DƏQİQƏ: Polis Vasif Talıbovun evində qəfil axtarış aparıb – saxlanılanlar var

 

Vasif Talıbov haqda növbəti sensasion məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış apardıqları barədə məlumat var.

Hadisənin yanvar ayının 27-də baş verdiyi deyilir.

Bu haqda “Gündəlik Naxçıvan”a Aralıq kəndinin sakinləri məlumat verib. Deyilənə görə, Vasif Talıbov istefa verdikdən sonra, doğulduğu Aralıq kəndinə köçərək, ailəsi ilə birlikdə həmin evdə yaşayır.

Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlanılanlardan biri Rövşən Talıbov Vasif Talıbovun əmisi nəvəsidir. Saxlanılan digər mühafizəçisi Həsənqulu Novruzovun isə rayonun Siyaqut kəndindən olduğu deyilir.

Kənd sakinləri bildirir ki, polislər Talıbovların yaşadığı evdə qəfil axtarış aparıb.

Sakinlər bildiriblər ki, kəndin giriş-çıxışı bir neçə saatlıq bağlanıb. Xeyli sayda polis əməkdaşı həyətə daxil oldu. Mühafizəçilərin göz açmağa imkan vermədilər. Sakinlərin sözlərinə görə, axtarış zamanı Vasif Talıbov evdə olub. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, xeyli sayda müxtəlif kalibrli vinçestr silahları çıxıb. Kənd sakinləri deyiblər ki, V.Talıbovun mühafizəçilərinin silah gəzdirdiyini bilirmişlər. Ancaq evdə silah olmasından xəbərsiz olublar.

Sakinlər deyiblər ki, həbs olunan mühafizəçilərdən biri Vasif Talıbovun əmisi oğlu Abdullanın oğludur: “O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Vasif Talıbov istefa verəndən sonra ailəsi ilə kəndə köçüb, əlavə mühafizəçilər də götürdü. Hazırda evin həyətinə giriş-çıxış da bağlanılıb”.

Naxçıvan MR DİN-dən bildirilib ki, Şərur Rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzovda qanunsuz silah aşkarlandığı üçün tədbir görülüb. Nazirlikdən əlavə məlumat verilməyib.

Zaira Akifqızı

Globalinfo.az