SON DƏQİQƏ: Azərbaycanla Ermənistan əsir dəyişdirəcək – Razılıq əldə edildi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Globalinfo.az xəbər verir ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.