
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in baş katibi Firidun Sinirlioğlu İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesi, o cümlədən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi müzakirə edilib.
Həmsöhbətlər Ermənistanla ATƏT arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərinə toxunublar.
Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupuna münasibətinə toxunub və Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı təkliflərini təqdim edib.
Ararat Mirzoyan və Feridun Sinirlioğlu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ATƏT-in baş katibi Firidun Sinirlioğlu İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb. Görüşdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırki vəziyyəti müzakirə olunub.
