
Ukrayna ABŞ-dan yeni hərbi yardım paketi ilə bağlı heç bir razılaşma əldə etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi brifinqdə danışıb.
“Hazırda aldığımız yardım bir il əvvəl Konqres tərəfindən təsdiqlənmiş paket çərçivəsindədir. ABŞ-la yeni yardım barədə razılaşma əldə etməmişik, bu məsələ ilə bağlı təfərrüatlı müzakirə də aparılmayıb”, – deyə Zelenski bildirib.
O, Kiyevin “Patriot” hava hücumundan müdafiə sistemlərini almaq istədiyini, lakin bu məsələnin də yalnız yeni yardım paketi çərçivəsində reallaşa biləcəyini və konkret razılaşmalardan asılı olduğunu qeyd edib.
Zelenskinin sözlərinə görə, Ukraynanın bu sistemləri almaqla bağlı müraciətinə ABŞ-dan hələ cavab gəlməyib.
Brifinqin sonunda jurnalistin sualını cavablandıran Zelenski əlavə edib: “Biz istəməzdik ki, Amerika bizə yardımını dayandırsın”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bu yardımı davam etdirib-etdirməyəcəyi barədə konkret açıqlama verməyib. Dövlət katibi Marko Rubio isə bildirmişdi ki, ABŞ son üç ildə Ukraynaya milyardlarla dollar yardım etdikdən sonra artıq diqqətini digər məsələlərə yönəltməlidir.
Aysel Əliyeva
Globalinfo.az