Sərhəd olayı İrəvanı qarışdırdı: o silah Paşinyana tuşlanacaq

Azərbaycanda Qərblə Rusiyanın mövqe döyüşləri gedir. Son sərhəd təxribatı bunu bir daha çılpaqlığı ilə ortaya çıxardı. Bəzi azərbaycanlı ekspertlər sərhəd təxribatının arxasındakı qüvvənin Rusiya olduğunu deyir. Bununla belə əksər ekspert və politoloqlar isə bu insidentin Avropaya bağlı olduğu haqda arqumentlər səsləndirirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, sərhəddə atəşkəsin pozulması və bunun nəticəsində hərbçimizin yaralanması 19 sentyabr anti-terror olayından sonra ilk ciddi insidentdir:
“Bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar:

Birinci ehtimal odur ki, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb;

İkinci ehtimal odur ki, bu təxribatın arxasında xarici güclər dayanır. Bu o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər;

Üçüncü ehtimal odur ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir;

İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu böyük toqquşmaya səbəb ola bilər. Bu, Ermənistan üçün son dərəcə riskli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir.

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir. Məsələ ondadır ki, ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə, Azərbaycan ittiham edilərdi.

Elxan Şahinoğlu

Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamalarının birində demişdi ki, orduda “5-ci kolon” mövcuddur. Aydındır ki, o bunu deyəndə Rusiyanı nəzərdə tutub. Nikol Paşinyan təhlükəsizlik sahəsində nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ordusunun zabit heyəti Sovet və Rusiya hərbi məktəb və akademiyalarının məzunlarıdır, Bu heyətin bir hissəsi Rusiya hərbi kəşfiyyatına bağlıdır. Odur ki, bu zabitlər Moskvadan gələn istənilən əmri yerinə yetirə bilərlər. Bu mənada deyə bilərəm ki, Azərbaycan hərbçilərinə atəş açılması həmin zabitlərin təxribatına oxşayır”.

Ekspert deyib ki, burada məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və Baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməkdir:

“Azərbaycan üçün Ermənistan ordusunun kimlərə tabe olmasının fərqi yoxdur – istər Rusiya, istərsə də Paşinyan olsun. Təsadüfi deyil ki, təxribata adekvat cavab verildi.

Əslində son təxribat Paşinyanı ciddi düşündürməlidir. Belə ki, həmin silahlar bir gün onun hakimiyyətinə də tuşlana bilər. Bundan başqa, baş nazir təxribatın arxasındakı gücləri neytrallaşdırmağa çalışmalıdır, əks halda bu, onun özü və ölkəsi üçün daha ağır nəticələrə yol açacaq.

Son insident Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa da həvəsləndirməlidir. Sülh sazişinin imzalanması yubandıqca Ermənistan ordusundakı təxribatçılar Paşinyana başqa problemlər də yaradacaq”.

Turan Rzayev
Globalinfo.az