Separatçıların nazı ilə oynamaq niyyətində deyilik – Azərbaycandan qəti mövqe!

“Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilər gec-tez Azərbaycan nəzarətinə keçəcək. Görülən işlər, keçirilən hərbi əməliyyatlar da bunu təsdiq edir. Nə Ermənistan, nə dəstəklədikləri separatçılar, nə də Rusiya bu məsələdə bizə mane ola bilməyəcək”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Azərbaycan səssiz müharibə taktikası və bu taktika ilə əldə etmək istədiyi nailiyyətlər haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın hədəfi Xankəndidə nəzarəti təmin etməkdir:

“Ölkə başçısı İlham Əliyev çıxışlarında qeyd edib ki ermənilərə heç bir xüsusi imtiyaz, muxtariyyət verilməyəcək. Yəni status məsələsi müzakirə mövzusu deyil. Bununla belə erməni icmasının reinteqrasiya prosesi başlayıb və bu istiqamətdə rəsmi Bakı iki dəfə görüş keçirilməsinə dair təklif irəli sürüb. Separatçılar rəsmi Bakının təkliflərini rədd edərək bir daha proseslərə destruktiv mövqe sərgilədiyini göstərib.

Qabil Hüseynli

Əlbəttə biz bu kimi təklifləri əbədi verməyəcəyik. Rəsmi Bakı sülh prosesinə sadiq olaraq bu təklifləri irəli sürür. Lakin antiterror əməliyyatları da aktualdır və hesab edirəm bu baş verəcək. Biz separatçıların nazı ilə oynamaq niyyətində deyilik.

O ki qaldı Rusiyaya, Kreml hələlik proseslərdə səssizliyini qorusa da düşünmürəm ki, nəsə etsin. Rusiya fərqindədir ki, vəziyyət əvvəlki kimi deyil. Ermənistanın ardınca Azərbaycanı da itirmək Moskvanın Cənubi Qafqazda varlığının sonlanması deməkdir. Bu mənada ehtimal antiterror əməliyyatları zamanı Rusiya neytrallığını qoruyacaq”.

Turan Rzayev
Globalinfo.az