1039222 res 0 eda6eb71a82bfa5a

Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qaçaqmalçılıq yolu ilə Livana göndərdiyi silah partiyaları müsadirə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Suriyanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Dəməşq ətrafında Livana göndərilməsi nəzərdə tutulan iki silah partiyası aşkarlanaraq götürülüb. Əməliyyatlar zamanı bir şübhəli şəxs saxlanılıb.

Bundan başqa, Livan ordusu Suriyadan ölkəyə keçirildiyi bildirilən 264 kiloqram partlayıcı maddə müsadirə edib. Məlumata görə, onun təxminən 203 kiloqramı C4 tipli plastik partlayıcı olub. Hadisə ilə əlaqədar üç nəfər həbs edilib.

CENTCOM-un məlumatında bildirilir ki, Suriyanın narkotiklərlə mübarizə idarəsi də bu ay Livanla sərhəddə külli miqdarda “kaptagon” həbi ələ keçirib.

CENTCOM-un komandanı, admiral Bred Kuper bildirib ki, Suriya daxili təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlar İran SEPAH-ı tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən və Livana göndərilməsi nəzərdə tutulan silahların qarşısının alınmasına yönəlib.

Onun sözlərinə görə, bu tədbirlər Suriyada sabitliyin və birliyin möhkəmləndirilməsinə, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına xidmət edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: