“Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən, tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər Türkiyədə dünyasını dəyişib. O bir müddət öncə müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə yollanmışdı”.
Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Aynur Kərimova deyib.
O bildirib ki, nazirlikdə olan məlumata görə, müğənninin səhhətində qəfil ağırlaşma müşahidə edilib:
“Vəziyyətinin anidən ağırlaşması səbəbindən onun müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulduğu deyildi. Sənətçinin dərhal xüsusi ambulans tipli təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulmuşdu. Lakin həkim-mütəxəssislər tərəfindən onun bu vəziyyətdə ölkəyə gətirilməsinin qeyri-mümkün olduğuna dair rəy verildi. Təəssüf ki, zəruri olan bütün tibbi müdaxilələrə rəğmən, Aygün Bəylərin həyatını xilas etmək mümkün olmadı. Mədəniyyət Nazirliyi sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra mediaya açıqlama yaydı”.
Məlumatlarda qarışıqlıqla bağlı yaranan duruma aydınlıq gətirən Aynur Kərimova qeyd edib ki, informasiya kirliliyinə yol verilməməsi üçün bu hadisə barədə məlumatlar verilərkən hər kəsdən həssas yanaşmağı rica edirlər.