
Bu həftə planetin istənilən nöqtəsindən səmada nadir astronomik hadisəni müşahidə etmək mümkün olacaq və bu, görünüşünə görə gülümsəyən üzə bənzəyəcək.
Globalinfo.az Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri məlumat veriblər.
NASA astronomlarının bildirdiyinə görə, aprelin 25-də üçlü birləşmə kimi tanınan qeyri-adi və nadir astronomik hadisə baş verəcək ki, nəticədə Ay və Günəş sisteminin iki planeti gülümsəyən üzə bənzər bir görüntü əmələ gətirəcək. Bu astronomik gülümsəməni Günəşin doğmasından təxminən bir saat əvvəl Yer kürəsinin istənilən nöqtəsindən adi gözlə izləmək olacaq.
Astronomların sözlərinə görə, aydın səmada şərqə doğru baxdıqda, üfüqün yaxınlığında Ay, Venera və Saturnun üçlü birləşməsi görünəcək. Gecə səmasında iki astronomik obyekt bir-birinə yaxın peyda olduqda, birləşmə adlanır. Əgər üç astronomik obyekt eyni anda bu vəziyyətdədirsə, buna üçlü birləşmə deyilir.
Aprelin 25-də səhər Venera və Saturn bir-birinin yanında peyda olacaq, onların yanında isə Ay olacaq. Ay Günəş tərəfindən tam işıqlandırılmadığı üçün isə aypara (yarımay) kimi görünəcək. Yəni iki planet “gözlər”i, Ay isə kosmik “üzdə” “təbəssüm”ü əmələ gətirəcək.
Ehtimal edilir ki, Venera üfüqdən yuxarıda, Saturndan daha yüksəkdə, Ay isə hər iki planetdən daha aşağıda olacaq. Bu yolla da gülümsəyən üzə bənzəyən üçbucaq əmələ gələcək. Lakin Günəşin doğması ilə bu mənzərə yox olacaq.
Eyni zamanda, alimlər qeyd edirlər ki, Saturn və Venera səmanın Ayın olduğu hissəsində peyda olsa da, gülər üz kifayət qədər əyilmiş halda görünəcək. Bununla belə, iki planet eyni parlaqlıqda olmayacaq. Venera Yerə yaxın olduğu üçün parlaq işıq saçdığı halda, Saturn o qədər parlaq olmayacaq. Nəticədə bir az əyri “gülümsəyən üz” və tutqun “göz” görmək ehtimalı da var.