Şahramanyanın ““Artsax” ləğv olunmayıb” bəyanatının məqsədi – Bakının cavabı ağır olacaq

Separatçıların sonuncu “lideri” Samvel Şahramanyan İrəvanda keçirilən mitinqdə etirazçılar qarşısında deyib ki, “Dağlıq Qarabağ Respublikası”ı ləğv olunmayıb. O, fikrilərini belə əsaslandırıb ki, 19-20 sentyabrda Azərbaycanın keçirdiyi antiterror tədbirləri zamanı itki verməmələri üçün belə sənəd imzalayıb.

“Müharibə bir saata dayanmasa, onlar şəhərə girib uşaqları öldürəcəkdilər”, Şahramanyan əlavə edib.

Maraqlıdır, Şahramanyanın “DQR”i ləğv etməməsi haqda dedikləri və “şəhərə girib uşaqları öldürəcəkdilər” iddiası nə dərədəcə doğrudur? Onun “ləğv etməmişik” deməsi hüquqi və faktiki baxımdan nəyi dəyişir?

Oqtay Qasımov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, dünən İrəvanda baş verənlər və keçmiş xunta başçısının Qarabağ ermənilərinin təzyiqi ilə onlarla görüşməsi əslində bu ay Qarabağda çalışmış ermənilərin maaşlarını ala bilməməsi ilə bağlıdır.

Məlum olduğu kimi, bir çox erməni xunta rejimin “dövlət” işlərində çalışıb. Onlar hər ay gördüyü işə görə yüksək məvacib alırdı. Bu ay isə maaşlarını ala bilməyiblər. Bundan qəzəblənən kütlə də Şahramanyana etiraz etdi.

Bu gün Ermənistanda başda Samvel Babayan olmaqla bir çox revanşist hesab edir ki, “Dağlıq Qarabağ Respublikası”nın ləğv olunması haqda sənəd ləğv edilə bilər. Bu istiqamətdə müəyyən təkliflər də səsləndirən separatçılar insanları inandırmağı bacarıb. Ümumiyyətlə dünən Şahramanyanın söylədiklər əsassız və tələsik deyilmiş fikirlərdir. “Müharibə bir saata dayanmasa, onlar şəhərə girib uşaqları öldürəcəkdilər” sözləri isə ümumiyyətlə böhtan və yalandır. Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri zamanı xüsusilə mülki şəxslərin zərər görməməsi üçün xüsusi dəqiqlik sərgiləndi. Bunu göstərən real kadrlar da var. Dağıdılan 500-ə yaxın mövqe, 90-a yaxın istehkam hərbi məqsədli obyektlər idi”.

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Samvel Şahramanyanın “Artsaxın ləğvi qərarından imtina edirəm” səpgili açıqlamasından narahat olmağa dəyməz:

“Şahramanyan ləğv qərarı verməsəydi, bu bizim işimizi çətinləşdirməyəcəkdi. Çünki bizim hədəfimiz bəlli idi. Digər tərəfdən biz onsuz da separatçıları tanımırdıq və onların qərarları da bizim üçün heç nə idi. Sadəcə ləğv qərarı onların Azərbaycana qarşı gələcək iddialarını əsassız etdi. Şahramanyan ona hücum edən Qarabağ ermənilərini sakitləşdirmək üçün “ləğv qərarından imtina edirəm” deyib. Özü də bunu tələsik şəkildə etdi.

O ki qaldı məsələnin siyasi-hüquqi tərəfinə, ləğvdən “imtinanın” heç bir siyasi və hüquqi çəkisi yoxdur. Rəsmi Bakı indiki məqamda Qərbi Zəngəzura iddialarını gücləndirə, mühacir hökuməti və parlamenti formalaşdıra bilər. Qərbi Zəngəzur mövzusu isə ermənilərin ən böyük qorxusudur”.

Turan Rzayev
Globalinfo.az