İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkəyə səfər edib.
Bu barədə Globalinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində spiker Sahibə Qafarova Qətər Dövlətinin Əmiri Zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin Lusail Sarayında keçirdiyi başsağlığı qəbulunda iştirak edib.
Milli Məclisin sədri Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını çatdırıb.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, parlamentin Qətər ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Rzayev, işçi qrupunun üzvü Kəmaləddin Qafarov və digər rəsmi şəxslər daxildir.