
Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana rəsmi səfər edəcək. Səfərin əsas məqsədi diplomatik münasibətləri gücləndirmək və Hindistanla artan gərginlik fonunda bu ölkələrin dəstəyini möhkəmləndirməkdir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Times” məlumat yayıb.
Məlumata görə, Şahbaz Şərif bu ölkələrin yüksək səviyyəli rəhbərləri ilə görüşlər keçirəcək və Hindistanla davam edən qarşıdurma dövründə göstərdikləri dəstəyə görə təşəkkür edəcək. Pakistan bu çətin günlərdə onun yanında olan müttəfiqlərlə əlaqələri daha da dərinləşdirmək niyyətindədir.
Baş nazir Şərifin səfəri çərçivəsində regional təhlükəsizlik, qlobal siyasi vəziyyət və uzunmüddətli əməkdaşlıq strategiyaları müzakirə olunacaq. O, eyni zamanda İranın Cənubi Asiyada gərginliyin azaldılması istiqamətindəki diplomatik təşəbbüslərinə görə təşəkkür etməyi planlaşdırır. Səfər çərçivəsində ticarət, təhlükəsizlik və qarşılıqlı strateji maraqlar sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas hədəflərdəndir.
Qeyd edək ki, Türkiyə və Azərbaycan Hindistanın boykot çağırışlarını rədd edən əsas müttəfiqlər sırasındadır.