Şagirdləri sosial şəbəkə asılılığından necə xilas edək? – Araşdırma

Övladını məktəbə yolan salan hər valideyn onun üçün narahat olur. Bəs bu narahatlığı aradan qaldırmaq üçün uşaqlara mobil telefonlar, o cümlədən smartfonlar vermək şərtdirmi?

Uşağa sən məktəbə niyə gedirsən? Məktəb ümumiyyətlə nə üçündür? Bu smartfonu sənə niyə vermişik? kimi mövzularda onlarla heç olmazsa, bir dəfə söhbət aparmışıqmı?

Yetkinlik yaşına çatan uşaq təbii ki, yanıla, səhv istiqamətə yönələ, bəzən valideynin və məktəbin təlqin etdiklərini qəbul etməyə bilər. Bəs bu zaman valideyn, məktəb nə etməlidir?

Araşdırmanı təqdim etməzdən əvvəl bir çox xarici ölkədə sosial platformalarda uşaq və yeniyetmələrin təhlükəsizliyinin necə təmin edildiyi haqda bəzi faktlara diqqət yetirək.

Məsələn, ABŞ-nin Yuta ştatının Sosial Media Tənzimləmə Qanununa əsasən 18 yaşına çatmayanların sosial media hesabı açması üçün valideynin razılığı tələb olunur. Axşam saat 22:30-dan səhər 06:30-a qədər yaşı 18-dən aşağı olanların sosial mediaya daxil olmasına icazə verilmir. Valideynlərə və qəyyumlara övladlarının hesablarına və sosial mediadakı yazışmalarına daxil olmaq imkanı da verilir. Eyni zamanda, şirkətlərdən valideynlərə və qəyyumlara uşaqların sosial mediadan istifadəsinə vaxt məhdudiyyəti qoymağa imkan verən alətlər təklif etmələri tələb edilir. “18+” hesablar axtarış nəticələrindən gizlədilir. Uşaqların izləyiciləri və ya dost siyahısında olmayanlardan birbaşa mesajlar qadağan edilir.

Böyük Britaniyada da onlayn təhlükəsizlik haqqında qanun layihəsi 2023-cü ilin sonlarında qüvvəyə minib. Bu layihə yetkinlik yaşına çatmayanların onlayn platformalardan istifadə edərkən təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Fransada isə kiberzorakılıq, sosial media asılılığı və sosial platformalarda zərərli məzmuna məruz qalma ilə bağlı problemləri həll etməyə çalışan qanun layihəsi artıq təsdiqlənib. 2023-cü ilin iyununda Fransa Senatında qəbul edilən qanun layihəsi valideynlərin övladının 15 yaşdan kiçik olduğu təqdirdə sosial mediaya çıxışına icazə verməməsini tələb edir. Platformalardan uşaqların onlara sərf etdiyi vaxtı məhdudlaşdıran alətlər təqdim etmələri tələb olunur.

Bəs Azərbaycanda hazırda bu sahədə dövlət nəzarəti hansı formada həyata keçirilir?

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Sabirə Ocaqverdiyevanın APA-ya açıqlamasına görə, uşaqların internetdən təhlükəsiz istifadəsi ilə bağlı qanunda internet təhdidləri ilə bağlı bütün məsələlər öz əksini tapıb:

“Bu məsələlərdən irəli gələn tədbirlər həyata keçirilməlidir. Dünyada Uşaqlar üçün təhlükəsiz internet mərkəzləri mövcuddur. Yaxşı olar ki, ölkəmizdə də belə bir mərkəz yaradılsın. Bu mərkəzlər uşaqların onlayn təhlükəsizliyi üzrə monitorinq aparmaqla yanaşı, pedaqoq, psixoloq, hüquqşünas və informasiya texnologiyaları üzrə mütəxəssisləri öz ətrafında birləşdirsin. Həmçinin kiberməkanda olan təhlükələr barəsində uşaqlar, valideynlər, müəllimlər və himayədarların məlumatlandırılmasını və təhlükələrdən zərər görmüş uşaqların reabilitasiyasını və digər məsələləri həyata keçirsin”.

Mütəxəssis əlavə edib ki, uşaqların internetdən təhlükəsiz istifadəsi ilə bağlı məzmun filtrasiyası, monitorinq və nəzarət, məhdudiyyətlərin tətbiqi və maarifləndirmə işləri labüddür. Bu tədbirlər kiberməkanda zorakılığın, onlayn cinsi istismarın, vulqar leksikondan istifadənin və s. təhlükələrin məhdudlaşdırılmasına kömək edər.

Məsələ ilə bağlı ölkənin əsas internet provayderlərindən olan “Aztelekom”dan bildirilib ki, informasiya mühitində internet istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “Aztelekom” MMC müştərilərə “SAF” – Təhlükəsiz internet xidmətini təklif edir:

“Bu xidmət vasitəsilə valideynlər azyaşlı uşaqlarının tərbiyəsinə neqativ təsir edəcək cinayətkarlıq, əxlaqsızlıq və aqressivlik əks etdirən internet səhifələrinə girişə nəzarət edə bilərlər. Bunun üçün valideynlər özləri “ağ” və ya “qara” siyahını tərtib edərək istənilən internet səhifəsinə girişi nəzarətdə saxlaya bilirlər. “SAF” xidmətini istənilən zaman aktiv və ya deaktiv etmək mümkündür. Aylıq xidmət haqqı isə 1 manat 50 qəpikdir”.

Burada söhbət uşaqların uyğunsuz vebsaytlara daxil olmasından gedir. Lakin onlar sosial şəbəkələrdə və hətta məqsədi mesajlaşmaq olan platformalarda belə yaşlarına uyğun olmayan kontentlər ilə qarşılaşa bilərlər.

“Onlayn valideyn-müəllim əlaqələri qurmaq olmaz”

Son günlər məktəb yaşlı uşaqlar arasında bir-birinə qarşı edilən bullinq hərəkətləri və bunun sosial mediada hadisə iştirakçıları tərəfindən paylaşılması faktının şahidi olduq. Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, keçmişdə insanlar özlərini təkmilləşdirmək üçün təhsil alırdılarsa, bu gün kimisə təəccübləndirmək üçün oxuyurlar:

“İnsanlar özünə məşğuliyyət, əyləncə tapa bilməyəndə başqalarını əyləndirməyə başlayırlar. Təhsil sistemi elə qurulmalıdır ki, şagirdlər asudə vaxtlarını videolar çəkərək, sosial şəbəkələrdə gəzərək deyil, dərnəklərdə düzgün dəyərləndirməlidirlər”.

Ekspertin sözlərinə görə, hazırda məktəbdə telefonların qadağası gündəmə gətirilmiş mövzulardan biridir:

“Dünya ölkələri ilə inteqrasiyada görürük ki, bu qaydaların tətbiqi bizdə uğursuzluqla nəticələnir. Bir müddət məktəblərdə dərslər başlamazdan əvvəl telefonların yığılması qaydası tətbiq olundu. Lakin bu davamlı olmadı. Çünki bəzi məktəblər bu qaydaya əməl etdi, bəziləri isə əməl etmədi. Nəticədə müqayisələr yarandı və uğursuzluqla nəticələndi. Əgər bir qayda tətbiq olunursa, bu bütün ölkədə tətbiq olunmalıdır. Bu günün əsas məsələsi gəncləri virtual asılılıqdan azad etməkdir. Məktəbin əsas vəzifəsi öz yetirməsinə bir ovuc bilik vermək deyil, ölkəyə sağlam, hərtərəfli vətəndaş yetişdirməkdir”.

Ekspert məktəb-valideyn-şagird münasibətlərinə də toxunub. Nadir İsrafilovun sözlərinə görə, hazırda valideynlər məktəbdən ayrı düşüb:

“Məktəb və valideyn əlaqələri əvvəlki kimi deyil. Artıq bu əlaqə virtual qaydada davam edir. Xoşagəlməz bir hal olduqda məktəb valideyni, valideyn isə məktəbi ittiham edir. Yüksək texnologiyalar insani münasibətlərin qarşısına keçib. Buna görə də canlı ünsiyyətə daha çox üstünlük vermək lazımdır. Onlayn valideyn-müəllim əlaqələri qurmaq olmaz”.

Bütün məsuliyyəti məktəb və müəllimə aid etməyən müsahibimiz əlavə edib ki, hazırda qanunvericilikdə valideyn məsuliyyəti yoxdur:

“Bu sahədə mövcud qanunlar sadəcə uşaq hüquqları, uşaqların müdafiəsinə yönəlib. Buna əsasən bu gün şagirdlərdə cəzasızlıq sindromu var. Ona görə də, qanunvericilikdə məktəb-valideyn-şagird münasibətləri yenidən işlənməlidir. Hər kəsin ayrılıqda məsuliyyəti qoyulmalıdır. Sadəcə müəllimin, ya da məktəbin üzərinə məsuliyyət qoymaq düzgün deyil. Tərbiyənin əsası ailədə, təlimin əsası isə məktəbdə qoyulur”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, şagirdlərin dərs prosesi zamanı ağıllı telefon, ağıllı saat, planşet və digər qurğulardan istifadə etməsi xüsusi hallar istisna olmaqla tövsiyə olunmur:

“Adıçəkilən xüsusi hallara dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilməsi və s. daxildir. Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində pilot olaraq “Şagird davranış qaydaları” tətbiq edilir. Həmin qaydaların tələblərinə əsasən təhsilalanların tədris prosesi zamanı yuxarıda adları çəkilən xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir. Bundan başqa ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır”.

“Bu gün yeniyetmələrə abır hissi aşılanmır”

Psixoterapevt Rafiq Allahverdiyev isə məsələ ilə bağlı qeyd edib ki, şagirdlərdə internetdən istifadənin zaman bölgüsü, istifadənin istiqaməti, məqsədi tənzimlənməlidir:

“Bunları tənzimləyə bilməsək və onlara internetdən istifadəyə qadağa qoysaq, sonradan valideynin övladına nəzarəti, tənbeh tədbiri və yaxud idarəetməsi mümkün olmayacaq. Çünki internet təkcə onun evində deyil, hər yerdə əlçatandır. İnterneti tamamilə məhdudlaşdırsaq, bu, şagirdlərdə həyəcan, emosialarını gizlətmə və nevroza meyilliliyə gətirib çıxaracaq. Bu zaman uşaqlarda iştah pozulur, səhərlər qaytarmalar olur, məsuliyyətdən imtina-koqnitiv sferada pozuntu əmələ gəlir. Qadağalar tətbiq olunandan sonra yeniyetmələr artıq internetdən daha kobud formada istifadə etməyə meyilli olurlar. Yaxud onlar üçün uyğun olmayan onlayn platformalardan istifadə edirlər. Bundan sonra valideyn artıq uşağı hərəkətlərinə görə tənbeh edir. Sonrakı yaş dövründə bu cür uşaq yaxın günlərdə çox sayda şahidi olduğumuz bullinq hadisələrinin iştirakçısına çevrilir”.

Onun sözlərinə görə, etdiyi paylaşıma görə təkcə yeniyetməni mühakimə edə bilmərik:

“Əsas baza uşağa ailənin əxlaqi tərbiyəsindən yaranır. Bu gün gənclər, yeniyetmələr arasında psixoloji mövqe pozuntusu var. Nəyin abır olduğu onlara təlqin edilməyib. Onlara yaxşı pul qazanmaq, yaxşı danışmaq, yaxşı oxumaq öyrədilir. Lakin onlara abır hissi aşılanmır. Bu da ilk olaraq ailədən başlamalıdır. Məktəb isə öz növbəsində təkcə təhsil verməli deyil. Məktəbdə də uşaqlara ədəb qaydaları aşılanmalıdır. Məktəb öz səlahiyyətləri çərçivəsində nizam-intizama ciddi əməl etməlidir. Belə halda ən ədəbsiz, intellekti aşağı olan uşaq belə özünün qeyri-etik hərəkətlərini məktəbdə realizə edə bilməz. Hətta kənarda olanda belə davranışlarına fikir verəcək ki, ədəbsiz hərəkət etsəm, məni məktəbdən qovarlar. Valideynlərimi çağırarlar. Uşaqlarda yaxşı anlamda qorxu hissi olmalıdır. Yeniyetmədə mən abrımı, tərbiyəmi, etibarımı itirərəm qorxusu olmalıdır. İnsanda abır hissi itəndə bütün bu qorxular yoxa çıxır”.

Məktəb psixoloqlarının fəaliyyətinə gəldikdə isə Rafiq Allahverdiyev məktəblərdə bir psixoloqun işləməsinin mümkünsüzlüyünü qeyd edib:

“Lakin məktəbdə psixoloqların işləməsi üçün şərait yaradılsa, bir psixoloq da kifayətdir. Tutaq ki, məktəbdə 800 nəfər şagird varsa, onların hamısı risk qrupuna aid deyil. Psixoloq artıq birinci sinfə şagirdlər qəbul olunan vaxt onların psixoloji pasportunu hazırlamalıdır. Risk qrupuna aid olan uşaqlarla bağlı sinif rəhbərinə və aidiyyəti üzrə pedaqoji heyətə məlumat verməlidir. Bu zaman areal kifayət qədər daralacaq. Zərərli vərdişlərə, qeyri-etik davranışlara, konfliktli münasibətlərə meyilli uşaqlar 30-40 nəfər olacaq. Beləliklə, psixoloq bu uşaqlarla sistemli iş apara biləcək”.