“Deyirlər ki, Sabir hədsiz acınacaqlı vəziyyətdə olduğundan, çarəsizlikdən sabun bişirmək məcburiyyətində qalıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Mirzə Ələkbər Sabirin nəvəsi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirli APA-ya müsahibəsində deyib.
O, Sabirin kasıb olmadığını bildirib:
“Sabun bişirmək bu qədər asan və rahat işdir?! Əslində, bu, indiki dəyərlərdən baxmış olsaq, özü bir istehsaldır, biznesdir. Və o, istehsal etdiyi məhsulunu özünə aid olan dükanında satışa çıxarırdı.
Atam sağlığında Sabirin ev-muzeyinin, həqiqətən, onun evinin formalarını xatırladacaq bir quruluşda olmasını çox istəyirdi. 1966-cı ildə evlərinin maketini hazırlatmışdı. Maketdə nəyin harada, necə, hansı ölçülərdə olduğu hamısı dəqiqliklə göstərilmişdi. Mən orada bir şeyə fikir verdim: mətbəx 15kv.m idi. O vaxt kasıb adamın 15 kvadratmetrlik mətbəxi necə ola bilərdi? Hər halda ola bilməzdi. Atam deyirdi ki, Sabirə necə ac-kasıb demək olar ki, bizim evdə güclü işıqlandırma imkanı olub. Bu o vaxt üçün kasıb insanların evində olmayan bir şey idi.
Atam onu da danışırdı ki, Sabir sabun bişirmək üçün şəhərin qəssabları ilə razılaşıbmış və onlar da müəyyən günlərdə Sabirin evinə çəlləkdə quyruq, piy göndərirmişlər. O deyirdi: “Evimizdə yeməyə heç nə tapılmayanda ən azı büzdüm bozbaşımız olurdu. Hətta həyətimizdəki xoruz o qədər quyruq yemişdi ki, qapımızın ağzından kimsə ötüb keçə bilmirdi, qaçıb onlara hücum edirdi”.