Polşa Rusiyaya aid hərbi təyyarələrin fəal uçuşlar həyata keçirməsindən sonra qırıcılarını havaya qaldırılıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. İki ölkə arasında gərginlik getdikcə artır və bu, Avropada genişmiqyaslı müharibə ehtimalını yenidən gündəmə gətirir.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya bu il ərzində əvvəlcə Polşa və Avropanın digər ölkələrinə nəbz yoxlanışı üçün dronlar göndərdi:
“İndi isə strateji bombardman təyyarələrini İngiltərəyə kimi göndərir. Bu, Moskvanın Qərbə qarşı əzələ nümayişidir. Ümumiyyətlə, Rusiya Ukraynada öz məqsədlərinə nail ola bilmir. Bir tərəfdən də ABŞ Avropaya təhlükəsizlik təminatı verməkdən imtina edir. Həmçinin Avropa və ABŞ arasında yaranan siyasi böhran Kremli cəsarətləndirir. Rusiyanın Polşaya qarşı isə ciddi aqressiv siyasəti var.

Məhəmməd Əsədullazadə
Polşa Ukraynadan sonra Rusiyanın əsas hədəfi ola bilər. Varşava Moskvanın bu aqressiv hərbi təhdidlərinə ciddi cavab verəcək gücdədir. Rusiya Prezidenti Vladimir Putinin Şərqi Avropanı təhdid etməsi bir növ bu regionu öz nəzarətinə almaq siyasətinin tərkib hissəsidir. Putin bölgə ölkələrinə siyasi-hərbi və psixoloji təzyiqlər etməklə Rusiyanın varlığını onlara nümayiş etdirir. Həqiqətən vəziyyət mürəkkəbdir və NATO daha da prinsipial mövqe ortaya qoymalıdır.
Polşa NATO üzvüdür və Rusiyanın hərəkətləri bu alyansı açıq şəkildə təhdid etməkdir. Baş verənlər Moskvanın əleyhinə işləyir. Avropa artıq hərbiləşir. Hərbiləşmiş Avropa tarix boyu Rusiyaya problem yaradıb”.
Turan Rzayev
Globalinfo.az