Ərdoğanın həll etdiyi məsələ necə olacaq? – Rusiya “sonu qaranlıq görünür” dedi…

“Sabah İstanbulda Rusiya və Ukrayna Müdafiə Nazirliklərinin nümayəndələrinin görüşü gözlənilir. Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçiriləcək görüşdə “Taxıl sazişi”nin perspektivi müzakirə olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb:

“Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb. Rəsmi Moskva daha əvvəl bildirmişdi ki, sözügedən razılığın gələcəyi qaranlıqdır. Rusiyadan verilən açıqlamaya görə, “Taxıl sazişi”nin müddətinin uzadılmaması da mümkündür. Rusiya razılığın icrasında haqsızlığın olmasını iddia edir. Fikrimcə, Kremldən və Rusiya Xarici İşlər Nazirliyindən verilən oxşar məzmunlu bəyanatlar daha çox dünya ölkələrini qorxutmağa hesablanıb. Belə demək mümkünsə, Moskva dünyanı aclıq təhlükəsi ilə təhdid etməyə çalışırdı. Amma fikrimcə, bu, blefdir.

Düşünürəm ki, İstanbulda keçiriləcək görüş uğurlu olacaq və “Taxıl sazişi” nin müddəti növbəti dəfə uzadılacaq. Ankara bunda xüsusilə maraqlıdır. Birincisi ona görə ki, “Taxıl sazişi” məhz Türkiyənin adı ilə bağlıdır. Odur ki, təşəbbüsün davam etdirilməsi Ankaranın imicini daha da artıracaq. İkincisi, bu, qarşıdan gələn prezident və parlament seçkiləri ərəfəsində hakim AK partiyaya (Ədalət və İnkişaf Partiyası) əlavə “xal qazandıracaq”. Üçüncüsü, “Taxıl sazişi” hələ ki, Kiyevlə Moskvanı bir araya gətirə bilən yeganə məqamdır. Belə demək mümkünsə, tərəflər arasındakı “körpüdür”. Əgər razılığın müddəti uzadılmasa, tərəflərin ortaq maraq dairəsi olmayacaq. Bu isə onsuz da minimum olan danışıqlar və sülh perspektivini sıfıra endirəcək. Bu mənada “Taxıl sazişi” müddətinin uzadılması xüsusi əhəmiyyətə malikdir.

Əlbəttə, Rusiya bu məsələdə Türkiyə qədər maraqlı deyil. Əksinə, Moskva hansısa şərtlərlə çıxış edə bilər. İstədiyi də məhz budur. Çünki əlində “kozır” var. Amma Rusiyanın Türkiyənin səylərinə rəğmən, “Taxıl sazişi”ndən imtina edəcəyini düşünmürəm. Bu, Moskva ilə Ankara arasındakı münasibətlərə mənfi təsir edə bilər. İkinci bir tərəfdən isə Qərbin təzyiqləri üçün imkan yaranacaq. Rusiya indiki halda buna getməz.

Beləliklə, ehtimal edirəm ki, İstanbulda “Taxıl sazişi” daha bir neçə ay müddətinə uzadılacaq”.

Turan Rzayev
Globalinfo.az