Rusiyanın adamı Suriyadan danışdı, ortalıq qarışdı – “Hər şeyin arxasında o qüvvə dayanır”

suriya

Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunun maraqlı bir qonağı vardı. Məşhur amerikalı iqtisadçı professor Cefri Saksın forumda səsləndirdiyi bəyanatlar sosial mediada, sonra isə bütün internet saytlarında dərc olunmaqla rezonans doğurdu. O, Suriyadakı dəyişikliyin 2011-ci ildə ABŞ və İsrail tərəfindən başladıldığını və bunun qərara alınan altı müharibədən (İraq, Livan, Somali, Sudan) yalnız biri olduğunu bildirib. Həmçinin əlavə edib ki, İsrailin istəklərinə baxmayaraq baş verməyən yeganə müharibə İranla olandır.

Cefri Saks ABŞ və İsraili tənqid edərək qulağa xoş gələn sözlər deməklə yanaşı, əslində Türkiyənin Suriyada baş verən dəyişikliklərdəki rolunu heçə endirib. Qeyd edək ki, Avrasiyaçı, Çin və Rusiya kəşfiyyatı ilə sıx əlaqədə olduğu bilinən Cefri Saks daha əvvəl Çinin Şərqi Türküstanda törətdiyi zülmü inkar edən və bu məsələdə Çinə qeyd-şərtsiz dəstək verən mövqe sərgiləmişdi.

Mövzunu Globalinfo.az-a Türkiyənin Erciyes Universitetinin tarixçi-professoru Gökhan Bolat şərh edib.

Onun sözlərinə görə, Şərq cəmiyyətlərinin yaddaşında uzun müddətdir ki, Qərb qarşısında əziklik hissi var:

“Bu əziklik “hər daşın altında, hər hadisənin arxasında xarici qüvvələr var” düşüncəsində özünü göstərir. Son illərdə Yaxın Şərqdə baş verən dəyişikliklərin səbəbkarı olan “xarici qüvvə” şübhəsiz ki, ABŞ-dır. ABŞ-ın bütün bu dəyişiklikləri digər dövlətlərdən fərqli bir müttəfiqlik əlaqəsi olan İsrailin maraqlarına uyğun mövqeyi, 2023-cü il 7 oktyabrda Qəzzada başlayan soyqırıma verdiyi böyük dəstəklə daha da güclənib.

Bu səbəbdən Cefri çıxışının davamında ABŞ və İsrailin Qəzzada törədilən qırğına görə cavabdeh olduğunu dedi və bu iki dövləti çəkinmədən tənqid etdi ki, bu da onun çıxışında söylədiyi fikirləri daha inandırıcı etməklə xüsusilə Türkiyədə gündəm mövzuya çevrildi.

Tarihçi Gökhan Bolat: Shakira'nın Kökeni Osmanlı'ya Dayanıyor

Gökhan Bolat

Lakin vəziyyət bu cür deyil. Çünki dünyada qüvvələr balansı Soyuq müharibədən bu yana ciddi dəyişikliklərə səbəb olub. Çin xarici siyasətində hadisələrə müdaxilə etməmək kimi siyasi xətti ilə bir çox sahədə, xüsusilə də iqtisadiyyatda hər zamankindan daha güclü olub və hazırda ABŞ-ın qlobal hegemonluğu üçün təhlükəyə çevrilib. Soyuq müharibənin ikinci böyük dövləti olan Rusiya ilə müttəfiqlik də buna əlavə olunduqda ABŞ-ın xarici siyasətdə həm təsiri, həm də prioritetləri dəyişməyə başlayıb”.

G.Bolat bildirib ki, Birləşmiş Ştatlar hələ də dünyanın ən güclü dövlətidir, çünki əsas texnologiyalarda üstünlüyə malikdir. Ancaq tarixi təcrübəyə görə güc dəyişkən bir anlayışdır və onun rəqibləri bu baxımdan gündən-günə inkişaf etməkdədirlər:

“Bu səbəbdən hər daşın arxasında ABŞ-ı axtarmaq artıq doğru deyil. Xüsusilə Yaxın Şərq kimi bir çox sahədə homogen (eynicinsli, yeknəsək –red.) olmayan bir coğrafiyada tək bir gücün hər şeyi təkbaşına təyin etməsi mümkün deyil. Bu nöqteyi-nəzərdən, dekabrın 8-də Suriyada baş verən dəyişikliyin təkcə ABŞ və İsrailin həyata keçirdiyi bir hərəkat olduğunu ifadə etmək reallıqdan uzaqdır.

Dəyişiklik üçün təkcə güclü olmaq kifayət etmir. Eyni zamanda, bu gücün idarə edəcəyi şərtlər də hazır olmalıdır. Xüsusilə Suriyaya nəzər salsaq, 70 ildir ölkəni idarə edən Baas rejimi, çıxdığı cəmiyyətdən kənar insanlara qarşı çox qəddar bir idarəçilik nümayiş etdirib və bu, illər keçdikcə rejimə qarşı qəzəbin artmasına səbəb oldu. “Ərəb baharı” ilə başlayan prosesdə digər ölkələrdə də yaşanan hadisələr, rejimə qarşı illərdir artan qəzəbli əhalinin əhəmiyyətli bir hissəsini cəsarətləndirmiş və beləliklə, 13 il davam edəcək vətəndaş müharibəsi başladılıb.

“Ərəb baharı” kimi tanınan hadisələrin səbəbləri müzakirə edilərkən bəzi dairələr tərəfindən “xarici qüvvələrin” təsiri ön plana çəkilir. Lakin mənim fikrimcə, bu hadisələr Qərb dövlətlərinin icazəsi ilə hakimiyyətə gələn idarəçilərlə xalq arasında uçurumun iqtisadiyyatdan tutmuş siyasi təmsilçiliyə qədər bir çox sahədə genişlənməsilə illər keçdikcə ortaya çıxan qəzəb partlayışı nəticəsində baş verdi. Yalnız hadisələr başlayandan sonra ABŞ başda olmaqla xarici güclər prosesləri öz xeyrinə çevirmək üçün müdaxilə etməyə başladılar. Bunu dərhal edə bilməsələr də, zaman keçdikcə bu məqsədə çata bildilər. Təkcə bu vəziyyət onu göstərir ki, bu xarici güclər hər sahədə tam təsirə malik deyil”.

Tarixçi ekspert qeyd edib ki, Suriyaya gəlincə, daxili siyasi fikir ayrılıqları ilə daha da alovlanan məsələdə, Türkiyənin Suriyadakı dəyişiklikdə nə dərəcədə təsirli olması və bundan sonra Suriyanın yenidən qurulmasında nə dərəcədə təsirli olacağı önəmlidir:

“Müxalifət qrupunun əhəmiyyətli bir hissəsi Əsədin getdiyi son günə qədər rejimlə əməkdaşlığın zəruri olduğu tezisini irəli sürdülər və illərdir qaçqın məsələsində hökuməti tənqid edərkən, bu mövzuda da ərəblərə qarşı düşmənçilik yaratmağa cəhd etdilər. Hökuməti dəstəkləyənlərdən bəziləri Suriyadakı dəyişikliyi təmamilə Türkiyənin yaratdığına inanırlar. İstər regional reallıqlar, istərsə də beynəlxalq tarazlıqlar baxımından hər iki tərəfin düşüncəsində müəyyən çatışmazlıqlar var.

Əvvəla, demək lazımdır ki, Türkiyə 1960-cı illərin Türkiyəsi deyil. Bəzi iqtisadi problemlərə baxmayaraq, nəticə etibarilə və əsas parametrlər baxımından bölgənin ən əhəmiyyətli dövlətlərindən birinə çevrilmiş və müdafiə sənayesindən diplomatiya və mədəni əlaqələrə qədər son illərdə əldə etdiyi irəliləyişlərlə danılmaz regional gücə çevrilmişdir. Bu proses bir çox coğrafiyada sınaqlar və təminatlar vasitəsilə özünü sübut etdi. Türkiyənin gücü və təsiri Afrika, Balkanlar, Türk Dünyası və Yaxın Şərqdəki bir çox dəyişikliklərdə özünü büruzə verdi. Bunun ən mühüm göstəriciləri Afrikaya qoyduğu sərmayələr, Balkanlarda davam edən sülhün ən mühüm memarlarından biri olması, Liviya, Somali, Sudan, Qətər kimi ölkələrdə hərbi mövcudluğu, İkinci Qarabağ müharibəsi zamanı açıq Azərbaycan yönümlü siyasəti və dəstəyi, son zamanlar Ukrayna ilə Rusiya arasında müharibədə hər iki tərəfin “güvəndiyi” bir aktor olmasıdır”.

G. Bolat hesab edir ki, Türkiyənin Suriya məsələsində təsirə malik olmadığını söyləmək ancaq siyasi cəhətdən müxalif və real olmayan yanaşma ilə mümkündür:

“Türkiyənin 13 illik vətəndaş müharibəsi zamanı mövqeyi və yerlərdə həyata keçirdiyi siyasət kifayət qədər aydın olub. Türkiyə 2010-cu ildə hadisələr başlayandan bəri həm Misirdə, həm də Suriyada “xalqın qanuni tələblərini” dəstəkləmişdir. Suriyada Əsəd rejimi ilə diplomatik əlaqələrin kəsildiyi dövrdə belə kəşfiyyat orqanları vasitəsilə bu əlaqə davam edirdi. Lakin bəzi daxili və xarici amillərə görə proses bir qədər uzandı.

Cefri Saks - Avropalı parlamentarilərin və avropalı siyasətçilərin Gürcüstana gəlişi Gürcüstanı məhv edir - 1TV

Cefri Saks

Daxili amillər olaraq – Əsəd əleyhdarı qruplar vahid mövqedə deyildi, döyüş qabiliyyəti baxımından da yetərli deyildi və bu baxımdan uzun illər dəstəklədiyi qrupların bu qabiliyyəti qazanması üçün çox səy göstərdi. Digər faktor isə Rusiya və İranın Əsəd rejiminə verdiyi güclü dəstək idi. Bu iki problemdən başqa Türkiyə üçün həyati əhəmiyyət kəsb edən başqa bir problem də illərdir Qərbin dəstəyi ilə Türkiyəyə qarşı terror fəaliyyətləri həyata keçirən PKK-nın ABŞ və müttəfiqləri vasitəsilə Suriyada PYD/SDQ adı altında təşkilatlanması və orada terror dövləti qurmaq cəhdləridir. Türkiyə bu cəhdlərin qarşısını “Fərat qalxanı”, “Barış bulağı” və “Zeytun budağı” əməliyyatları ilə aldı. Lakin bütün bu amillər Suriyada dəyişiklik prosesinin daha uzun sürməsinə səbəb olub. Buna baxmayaraq, bu müddət ərzində Türkiyə həm ev sahibliyi etdiyi suriyalı qaçqınlarla səmimi münasibət, həm də Suriyada dəstəklədiyi qruplar vasitəsilə Suriya xalqı ilə hərbi əlaqə qurdu.

Daha əvvəl deyildiyi kimi, Yaxın Şərq kimi bir coğrafiyada heç bir dövlət təkbaşına dəyişiklik yarada bilməz. Müxtəlifliyin hökm sürdüyü bu coğrafiyada təsirə malik olmaq üçün bəzi məqamlarda regionun digər nüfuzlu aktorları ilə ittifaqlar qurmaq, güzəştlər etmək, alqı-satqı və ya əməkdaşlıq etmək lazım gələ bilər. Belə bir əlaqənin dekabrın 8-də baş verən bu inqilabda da olduğu məlum olur”.

G. Bolatın sözlərinə görə, ancaq əmin olduğumuz bir şey var ki, Suriyadakı yeni vəziyyət Cefrinin iddia etdiyi kimi, xüsusilə İsrailin arzuladığı nəticələr doğurmadı:

“Dekabrın 8-dən sonra ortaya çıxan mənzərədə Türkiyə ilə Suriyanın yeni administrasiyası arasındakı münasibətlərin gözləniləndən daha yüksək olduğu görünür. Və bu mənzərə yaxın gələcəkdə İsraillə Türkiyə arasında Suriya məsələsində qarşıdurma ehtimalını gücləndirir. İsraili narahat edən də budur. Çünki imperiya keçmişi ilə bölgə xalqları ilə güclü tarixi, dini və mədəni bağları olan güclü bir Türkiyə 1948, 1967 və 1973-cü illərdə mübarizə apardığı ərəb/müsəlman dövlətlərində olmayan dinamikliyə və tarixi təcrübəyə malikdir. Bu vəziyyət həm Suriyada, həm də indiki İsrail dövləti zehniyyətinin sionist idealı kimi həyata keçirdiyi “Vəd edilmiş torpaqlar” və ya “Davud dəhlizi” layihəsinin reallaşmasına mane olacaq. Xüsusən də Qəzzada baş verən soyqırımla birlikdə İsrailə qarşı qəzəbi hər zamankindən daha çox artan indiki siyasi quruluş və onu dəstəkləyən (seçkilər) xalqın əksəriyyətinin dəstəklədiyi Türkiyənin bir təhdid olaraq görülməsinə və bu təhdidin aradan qaldırılması üçün İsrailin var gücüylə Türkiyəyə qarşı ittifaqlara daxil olmasına səbəb olacaq.

Son olaraq, tarix bizə son min ildə göstərdi ki, Türkiyəni görməzdən gələn və ya Türkiyəyə qarşı çıxan heç bir siyasət bu bölgədə uzunmüddətli perspektivdə uğur qazana bilməz. Bu səbəbdən vəd edilmiş torpaq kimi radikal yəhudi/sionist layihələrinin xüsusən də indiki zamanda dünyanın gözü qarşısında soyqırım törədən bir dövlətin əli ilə həyata keçirməsi mümkün görünmür. Səlib yürüşləri qarşısında qala kimi dayanan və Şərqi Roma İmperiyasını süquta uğradan türklər gec-tez İsrailin bu ağlasığmaz məqsədinə çatmasına imkan verməyəcəklər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul