Rusiyanın 10 illik bəhanəsi fiaskoya uğrayır – Politoloq

“Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin Birinci Zirvə görüşündə Birgə Bəyannamənin imzalanması üç dövlət arasında siyasi-iqtisadi və nəqliyyat əlaqələrini gücləndirəcək. Bu üçtərəfli əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə qalxması üçün bütün  imkanlar var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, üçtərəfli əməkdaşlıq Xəzər dənizinin dibi ilə “TransXəzər” qaz boru kəmərinin çəkilməsini hədəfləyir:

“10 ildən artıqdır ki, Rusiya ekoloji problemi bəhanə edərək belə bir kəmərin çəkilməsinə qarşı olduğunu bəyan edir. Rusiyanın Ukraynada zəifləməsi və İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda, Mərkəzi Asiyada geosiyasi mövqeyi möhkəmlənir. Həmçinin Türk Dövlətləri Təşkilatının inkişafı və təşkilat daxilində birliyin güclənməsi Ankaranın aktiv siyasi mövqeyinə müsbət təsir edir.

Türkiyə Türkmənistan qazının Avropaya daşınması istiqamətində “TransXəzər” qaz kəmərinin çəkilməsini reallaşdıra bilər. Rusiyanın buna qarşı çıxacağı gözlənilmir. Çünki Moskva artıq özü də Avropaya qaz ixracında Türkiyədən asılı vəziyyətə düşür: rus qazı Türkiyəyə ixrac ediləcək, Ankara da bu qazı Avropaya satacaq.

Göründüyü kimi, Türkiyə həm Rusiya qazını, həm də bu illər ərzində Mərkəzi Asiya neft-qaz ehtiyatlarını Avropa bazarına birbaşa çıxışla təmin edəcək.

Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi-iqtisadi və nəqliyyat əlaqələrini inkişaf etdirməsi Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Avropa İttifaqı da məhz bu istiqamətdə siyasəti dəstəkləyir”.

Turan Rzayev
Globalinfo.az