Ukrayna partizanları Putinlə onun öz ərazisində döyüşür. Diversantların yeraltı şəbəkəsi təkcə Rusiyanın Krımdakı infrastrukturuna yox, həm də ondan kənarda fəaliyyətini davam etdirir.
Globalinfo.az “The Times” qəzetinin ukraynalı, rusiyalı və Krım tatarlarının yaratdığı gizli partizan dəstəsi ATEŞ (Atəş) barədə hazırladığı geniş reportajı təqdim edir:
ATEŞ hər yerdə işləyir
Gənc partizan sevgilisi ilə görüşdən öncə çox həyəcanlıdır. O, qız barədə narahat deyil, çünki bu sevgili onun missiyası üçün yalnız vasitədir. Onu düşündürən əgər ələ keçərsə, nə qədər çox işgəncəyə məruz qalacağıdır. Ona tapşırılıb ki, Vladimir Putinin şəxsi layihəsini – Ukraynanın cənubunda işğal edilmiş ərazidən keçən, Krımla Rusiyanı birləşdirəcək dəmiryolunu sabotaj etsin. Tikinti bitəcəyi halda dəmiryolu Kremlə imkan verəcək ki, sürətli şəkildə qoşunlarını və ağır texnikasını Krıma quru yolu ilə gətirsin və özünün Kerç körpüsündən asılılığını azaltsın.
Ukrayna ordusu artıq iki dəfə qeyd edilən körpüyə zərbə endirərək, Qara dəniz donanmasına zərər vuraraq, Krımdakı aviabazalara hücum həyata keçirərək yarımadanı izolyasiya etməyə başlayıb. Putinin dəmiryolu layihəsinin tikintisinə mane olmaqla Kiyev həmçinin yarımadanı rusiyalılar üçün faydasız əraziyə çevirməyə çalışır.
Ukraynalı partizanlar deyirlər ki, onlar bu tikintinin gerçəkləşməsinə imkan verməyəcəklər. Bir neçə ay əvvəl gənclər ATEŞ-ə – yeraltı müqavimət hərəkatına üzv olmağa başlayıblar. Bu təşkilat Putinlə həm işğal edilmiş ərazilərdə, həm də xaricdə mübarizə aparır. Onun üzvlərini motivasiya edən qismən Kremlə nifrət, qismən isə Ukraynadakı kuratorlarından alınan pul mükafatlarıdır.
“Bu alçaqlar artıq mənim sinif yoldaşlarımı və dostlarımı öldürüblər. Mənim rayonumda müharibədən qayıdanlar ya şikəstdirlər, ya da alkoqolik”, – partizanlardan biri söyləyir.
ATEŞ partizanları
Özünün tezliklə cəbhəyə göndəriləcəyindən narahat olan gənc preventiv qisas almaq qərarına gəlib. Buna görə də Rostovdakı dəmiryolunun tikilmiş bir hissəsində vacib rele qutularını yandırıb:
“Mənə instruksiya göndərdilər ki, yandırıcı qurğunu necə hazırlayım. Mənə xəritədə nöqtəni göndərdilər. Təbii ki, qorxurdum. Biz hamımız FTX-nin əlinə keçməkdən qorxuruq”.
Gənc oğlan partizanlara özünün yaşadığı ərazidən qoşulub. Bu dəstədə olanlardan bir qismi rus, digəri ukraynalılardır. Lakin dəstədə daha çox Krım tatarları və 1944-cü ildə yarımadadan deport edilənlərin davamçıları yer alırlar.
FTX ilə oyunlar
Qrupun koordinatorlarından biri deyir ki, ATEŞ hazırda Krımda hər kəsdən güclüdür. Onun qolu Ukrayna sərhədindən 1000 kilometr məsafədə yerləşən Yekaterinburqa qədər çatır. Koordinatorun özü də təşkilatın bir neçə cəsarətli reydlərində, o cümlədən Yeni Kaxovka şəhərində keçən yay hakim Vahid Rusiya Partiyasının mənzil qərargahının partladılmasında və partiyanın Ukraynanın işğal edilmiş 4 bölgəsindəki yerli katiblərin qətlində iştirak edib.
Qrup bir neçə rele qutularını yandırsa da, əsas işi keçən il görüb: Rostov və Xersondakı yolları partladıb. Yekaterinburqda isə Şimali Koreyadan artilleriya sursatları nəqlinin gerçəkləşdiyi dəmiryolunu sıradan çıxarıblar.
Onların sözlərinə görə, təşkilat Ukrayna aviazərbələri üçün dəyərli hədəfləri korrektə edə bilər. Məsələn, iyulun 26-da ATACMS vasitəsilə Krımdakı aviabazaya zərbə onların informasiyası əsasında baş tutub. Raketlər sursat anbarı, radiolokasiya stansiyası və S-400 sistemlərini məhv edib. Bu fəaliyyətin nəticəsində FTX ATEŞ üzvlərinin amansız ovuna çıxıb.
“Son hücumdan sonra Rusiya polisi və FTX Skadovskda bütün kəndləri yoxlayırlar. Onlar demək olar ki, hər evə girib, sakinləri sorğu-sual ediblər. Kəndin sakinlərinin bir qismi isə sonradan yoxa çıxıb”, – ATEŞ-in koordinatoru deyib.
ATEŞ-dən deyirlər ki, onlarla narazı hərbçilər də işləyir. Belə əsgərlərdən biri Armavirdəki Rusiya aviabazasını videoya çəkərək, orada məxfi şəkildə yerləşdirilən qırıcı və zərbə vertolyotlarını göstərib. Qrupdan həm də bildirirlər ki, onların FTX-nin içində öz informatorları var və həmin şəxslər təhlükəsizlik orqanlarının fəaliyyətləri barədə onları xəbərdar edir.
Əliyar Xəlil
Globalinfo.az