Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlaması mediada və ictimaiyyətdə böyük maraq doğurub. Belə ki, o, ABŞ-da prezidentliyə namizəd Donald Trampı ABŞ-ın sui-qəsdlə öldürülən prezidenti Con Fitzgerald Kennedinin taleyini yaşaya biləcəyinə diqqət çəkib. Bunu daha çox Rusiya-Ukrayna müharibəsi konteksində bildirib. Deyib ki, Tramp prezident seçiləcəyi təqdirdə bu müharibəni dayandıra bilməyəcək, cəhd etsə, öldürüləcək.
Bu realdırmı? ABŞ ikici “Kennedi travması” yaşaya bilərmi?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Donald Tramp prezidentliyi dövründə etdiyi hərəkətlər hesabına növbəti seçkilərdə qələbə qazana bilmədi:
“ABŞ-da seçkilər özünəməxsusdur. Burada sadəcə əhali yox, digər seçicilər də var. 269-269 say olarsa, Konqres prezidenti seçəcək.
Dimitri Medvedevin fikilərində də müəyyən həqiqətlər var. ABŞ-ın keçmiş prezidenti Donald Trampa üç dəfə sui-qəsd təşkil olunub. Trampın Rusiya-Ukrayna müharibəsini dayandıracağı ilə bağlı verdiyi vədlər isə tamamilə boşdur.
Elşad Həsənov
NATO ölkələri Ukraynanı dəstəkləyir. Onlar da başa düşür ki, Donald Tramp prezident seçilərsə, böyük güc həmin ölkələrin üzərinə düşəcək. Ukraynanın uduzması bütövlükdə Avropanın məğlubiyyəti demək olar”.
Politoloqun sözlərinə görə, Tramp Rusiya yönümlüdür və Rusiyadan gizli formada ona dəstək verilir:
“Seçkilərdə Kamala Harris qələbə qazanarsa, Tramp seçki nəticələri ilə barışmadığını bildirəcək və qarışıqlıq yaradacaq. Trampın Kennedi kimi sui-qəsd nəticəsində öldürüləcəyini düşünmürəm. Çünki onun mühafizəsi yüksək səviyyədə təmin olunur”.
Safura Bənnayeva
Globalinfo.az